Qriqorçukdan hakimlərə ittiham: "15 xalımızı alıblar"

22:05 27 Aprel 2016

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk  Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə ilk oyundan (1:1) sonra mətbuat konfransı keçirib.


Sportarena.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis nəticədən narazı qaldığını deyib:

"Çünki böyükhesabla qalib gəlməli idik. Meydanı qalib tərk etməməyimizə birinci səbəb qol imkanlarını reallaşdıra bilməməyimiz idi. İkinci səbəb bərbad hakimlik idi. Hakim "Qəbələ"nin təmiz qələbəsini əlindən aldı. Bu mövsüm hakimlər bizim 15 xalımızı alıblar. Bunu çəkinmədən deyirəm, məni cəzalandırsalar belə! Bundan pis nəticə ola bilməz. Mən başa düşmürəm, niyə belə hakimliyə görə cəza yoxdur? Niyə Rəşad Sadiqov qırmızı vərəqə alıb cavab oyununu buraxmalıdır? Niyə Aleksey Qay sarı vərəqə limitində olub final oyununu təhlükəsi ilə üzləşməlidir? Mən başa düşürəm ki, "Qarabağ" ən güclüdür, çempiondur. Ancaq xallarımız alınmasaydı, indi 2-ci yerdə idik. Qay mənə deyir ki, 33 yaşım var, mən hakimin bu qərarını başa düşmürəm. İndi başlayacaqlar ki, "Qəbələ" qol vurmadı, ona görə qalib gəlmədi. Açığı, belə hakimliklə işim nəticə verməyəcək. Belə hakimliyə biganə qala bilmərəm. Ancaq belə tərcümə etməyin, tərcümə edin ki, onlara hörmətim böyükdür. Onlara az səhv buraxıb, avrokuboklarda çox oyun idarə etməyi arzulayıram".  

R.Qriqorçuk Aleksey Qayla Aleksey Antonova inandığını, onlara böyük dəstək olduğunu söyləyib: "Mən Antonovu 5-ci dəqiqədə əvəzləyə bilərəm. Ancaq bu, o demək deyil ki, ondan narazıyam. Mən Alekseydən üz çevirmirəm. Futbolçunu cəzalandıra bilərsən, ancaq o, özünə hörmət tələb edir. Antonovun 5 qol imkanı oldu ki, 3-nü qola çevriməli idi. Onun üzərində təzyiq var. Belə vaxtda ona dəstək olmalıyıq. Biz Antonovdan imtina edə bilmərik". 

 Ukraynalı çalışdırıcı "Neftçi"yə simpatiyasının olduğunu bildirib: 
"Bu komandanın xoşuma gəldiyini bir neçə dəfə demişəm. "Neftçi" layiq olmadığı yerdədir. Öz futbolçularımı ona görə tərifləmək istəyirəm ki, belə bir komandaya qarşı yaxşı oynadıq. Sadəcə, "Qəbələ"yə hörmət etmirlər. Bu, eyni zamanda hakimliyə aiddir. Sizə elə oyun göstərə bilərəm ki, biz 90 yox, 65 dəqiqə oynanamışıq. Çünki rəqib qapıçı 25 dəqiqə uzanaraq vaxt alıb. Həmin matçın hansı olduğunu açıqlaya bilmirəm. Azərbaycanda hakimlər yaxşı idarəçilik edə bilirlər. Sadəcə, bunu bizimlə oyunda göstərmirlər".


Qriqorçuk Aleksey Qayın halına acıdığını söyləyib: "Bu insanın 2 uşağı var. Ancaq indi elə pərişandır ki, ailəsi onu tanımayacaq. Rəşad Eyyubovun əvəzlənməyinə gəlincə, bunu azlıqda olduğuma görə etdim. Meydana müdafiəçi buraxmalı idim. Rəşadı əvəzlədiyimə görə ondan üzr istədim. Mən ona inanıram. Ehtiram Şahverdiyevin böyük potensialı var. Onun gələcəyi parlaq görünür".
 
"Qəbələ"nin çalışdırıcısı son vaxtlar oynamayan Dododan da danışıb: "O, son vaxtlar daha çox mənimlə yox, həkimlə danışır. Çünki müalicə olunur. Dodonun Yunanıstan klublarına maraqlanmasına gəlincə, buna mən yox, rəhbərlik cavab verə bilər. Mən bir şey eşitməmişəm. Niyə mənim Dodoyla münaqişəm olmadılır? Belə bir şey yoxdur".


Digər xəbərlər

Xəbər xətti