Dünən Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb (1:1).
Matçdan sonra "Neftçi"nin müdafiəçisi Jairo Rodrigez sportarena.az saytına müsahibə verib.
- Oyun haqqında fikirləriniz...
- Çətin oyun oldu. "Qəbələ" yetərincə məsuliyyətli və yaxşı bir komandadır. Finala hansı komandanın vəsiqə qazanacağını bilmirik. Lakin, çalışacağıq ki, cavab matçında daha yaxşı oynayıb finala vəsiqə qazana bilək.
- Son turda "Zirə" ilə matçda olduğu kimi, bu dəfə də fərqli iki hissənin şahidi olduq. Birinci hissə üstünlük rəqibdə olsa da, ikinci hissədə təşəbbüsü ələ aldız. Bu, taktiki gedişdi?
- Yox, bu bizim taktikamız deyil. Hər dəfə fərqli oyunun şahidi oluruq. İlk hissədə həqiqətən zəif oyun nümayiş etdirdik. Amma ikinci hissədə çalışdıq oyunumuzu düzəldək.
- Hakim idarəçiliyindən razısanmı?
- Hakim idarəçiliyindən hər hansı narazılığım yoxdur. Onlar oyunu idarə etməyi daha yaxşı bilirlər. Hakim qərarları barədə heç nə deyə bilmərəm.
- Amma rəqib futbolçular idarəçilikdən narazıdı...
- Bu mənim işim deyil. Mən "Neftçi"nin üzvüyəm. "Qəbələ" futbolçularının nə düşündüyü mənə marağlı deyil. Mənim işim futbol oynamaqdı.
- Aleksey Qayın qapıçınız Aqil Məmmədovla mübarizəsi zamanı qayda pozuntusu var idimi?
- Mən Aqilin qaydaları pozduğunu düşünmürəm. Orada cərimə zərbəsindən söhbət gedə bilməzdi. "Qəbələ" bizə qalib gəlməyin asan olduğunu düşünməməlidi. Rəqiblər bizim yetərincə güclü komanda olduğumuzu bilməlidi. Gələn oyunda da bunu sübut etmək üçün əlimizdən gələni edəcəyik.
- "Qəbələ" bir neçə qol epizodundan yararlana bilmədi. Bu gün "Neftçi"nin bəxtinin gətirdiyini düşünmək olarmı?
- Fikrimcə oyun hər iki komandanın qarşılıqlı hücumları şəraitində keçdi. Bizim bəxtimizin gətirdiyini düşünmürəm. Düşünürəm ki, belə hesab oyunun ədalətli nəticəsi idi.
- Komandanızın finala yüksəlmək şansı nə qədərdi?
- İndi bu barədə fikir bildirmək istəmirəm. İkinci oyunun nəticəsindən sonra hər şey bəlli olacaq.
- "Qarabağ"ın kapitanı Rəşad Sadıqova oxşarlığın var...
- Mən Rəşad Sadıqovu şəxsən görməmişəm. Amma bu haqda bir neçə dəfə eşitmişəm. Rəşad Sadıqov mənə oxşaya bilər, amma mən daha yaraşıqlıyam.