Aprelin 28-də “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.
İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 4-də start götürəcək “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.
Qeyd olunub ki, bu günə “Tour d’Azerbaidjan-2016” yarışında 19 ölkədən 21 komandanın iştirakı təsdiqlənib ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.
İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.