Tələbələrin respublika spartakiadasının və çempionatının açılışı olub

22:10 29 Aprel 2016

Aprelin 29-da Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil müəssisələrinin respublika spartakiadası və ali məktəb tələbələrinin idman növləri üzrə respublika çempionatlarının açılış mərasimi keçirilib. Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən reallaşdırılan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sportarena.az xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin təhsilə, idmana daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Ölkəmizdə idmanın inkişafı üçün geniş imkanların yaradıldığını qeyd edən nazir müavini “Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandıqları parlaq nailiyyətlərdən danışıb.

Prezident İlham Əliyevin idmana xüsusi əhəmiyyət verdiyini bildirən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov respublikamızda bu sahəyə marağın daha da artdığını diqqətə çatdırıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın beynəlxalq yarışlarda uğurla iştirak etdiklərini vurğulayıb, gənclərə və idmançılara tövsiyələrini verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan S.Mehbalıyev respublika çempionatlarının iştirakçılarına uğurlar arzulayıb.

Qeyd olunub ki, spartakiadanın proqramına şahmat, dama, nərd, stolüstü tennis, voleybol idman növləri daxildir. Bu yarışda ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti və digər əməkdaşlar iştirak edirlər. Tələbələrin respublika çempionatlarına isə ölkəmizin ali məktəblərində təhsil alan gənclər qatılıblar. Builki çempionatlar badminton, şahmat, stolüstü tennis, veloidman, voleybol, basketbol, atletika, yunan-Roma və sərbəst güləş üzrə keçirilir.(azərtac)


Digər xəbərlər

Xəbər xətti