Dortmundun “Borussiya” futbol klubu müdafiəçisi Mats Hummelsin gələcək karyerası barədə gəzən söz-söhbətə rəsmən aydınlıq gətirib.
Sportarena.az xəbər verir ki, Dortmund klubu dünya çempionunun “Bavariya”ya transfer olunmaq istəyini açıqlayıb. Məlum olub ki, futbolçu şəxsən klub rəhbərliyinə Münhenın “Bavariya” komandasına keçmək niyyəti olduğunu bildirib. Məsələ ilə bağlı hələ Münhendən Dortmunda rəsmi təklif daxil olmayıb. Lakin Almaniya mətbuatı israr edir ki, müdafiəçi artıq 30-40 milyon avro civarında ölçülən dörd illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Almaniya yığmasının üzvü “Bavariya”nın yetirməsidir. Hummels 2009-cu ildə Münhen klubundan Dortmunda gedib. “Barselona” və “Mançester Yunayted” klublarının da transfer marağında olan 27 yaşlı müdafiəçi cari mövsümün bütün turnirlərində 46 oyun keçirərək hesabına üç qol və dörd məhsuldar ötürmə yazdırıb.