Azərbaycanın şose velosipedi üzrə yığma komandası və Sloveniyanın “BTC City Ljubljana” klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən “Gracia Orlova” turunda uğurla çıxış edir.
Sportarena.az xəbər verir ki, yarışın 100 km-dən ibarət ikinci günündə 2 saat, 50 dəqiqə, 35 saniyə nəticə göstərən velosipedçimiz “solo-finiş”lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə, 11 saniyə qabaqlayıb.
Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın “Canyon SRAM Racing” klubunun belaruslu üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku 2 dəqiqə, 9 saniyə qabaqlayır.
Bu gün iştirakçılar əvvəlcə 13,5 km məsafəyə fərdi ötüşmədə, ardınca isə 63,5 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar. Yarışa sabah yekun vurulacaq.