Gənc gimnastlarımızdan 8 medal

21:49 2 May 2016

30 aprel – 1 may tarixlərində Macarıstanda idman gimnastikası üzrə gənclər arasında 2-ci beynəlxalq Budapeşt Kuboku keçirilib.


Sportarena.az xəbər verir ki, bu turnirdə Azərbaycanın gənc gimnastları - Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərov iştirak edib.

 

1-ci yaş qrupunda (1998-1999) çıxış edən Murad Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad, turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci olub. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Timur Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak edib.

 

Sergiy Onbış, Cavidan Babayev və Ağamurad Qəhrəmanov ikinci yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirdi, parallel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Cavidan Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci olub.

 

Gənclərin ən kiçik, üçüncü yaş qurupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənməyib (sərbəst hərəkətlər - “qızıl”, gimnastika atı - “gümüş”, çoxnövçülük - “bürünc”). Parallel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Mənsum Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb.

 

Qarşıda, gənc gimnastlarımızı idman gimnastikası üzrə Avropa Çempionatı (Bern, İsveçrə - 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək. 


Digər xəbərlər

Xəbər xətti