Avropa Voleybol Konfederasiyası 2018-ci ildə keçiriləcək dünya çempionatının “köhnə qitə” üzrə seçmə mərhələsinin formatını açıqlayıb. Həlledici oyunları qadınlarda Yaponiya, kişilərdə İtaliya və Bolqarıstanda baş tutacaq mundialda çıxış edəcək Azərbaycan millisinin də hansı yolu qət etməli olacağı dəqiqləşib.
Kişi voleybolçuların yarışında son dünya çempionu, həmçinin təşkilatçı ölkələr birbaşa final mərhələsinə qatılacaq. Avropanı təmsil edəcək digər 7 yığma isə 39 komandanın mübarizə aparacağı seçmə mərhələdə bəlli olacaq. Bu ilin may-iyun ayında başlayacaq I mərhələdə qitənin ən zəifləri iştirak edəcək. Burada hər qrupdan 2 komanda mərhələ adlayacaq. Bu 4 milli seçmə mərhələnin II raundunda digər “32-liyə” qoşulacaq. Burada görüşlər 2017-ci ilin 23-28-də baş tutacaq. Komandalar hərəsində 6 iştirakçı olmaqla, 6 qrupda güclərini yoxlayacaqlar. Qrup qalibləri birbaşa finala yüksələcəyi halda, ikinci yer sahiblər avqustun 15-20-də III raundda sonuncu xoşbəxti müəyyənləşdirəcəklər.
Qadın voleybolçuların yarışında isə 42 komanda 8 vəsiqə uğrunda mübarizə aparacaq. Onlardan 8-i ilk mərhələdə 2 qrupda oynayacaqlar və yekunda qrup qalibləri II raundda güclərini yoxlamaq hüququ qazanacaqlar. I mərhələ bu ilin may-iyununda keçiriləcək. 2017-ci ilin mayın 30-dan iyunun 4-dək təşkil olunacaq II mərhələdə 6 komandalı 6 qrupun birinciləri Yaponiyaya bilet sifariş edəcəklər. İkincilər isə avqustun 22-27-də III raundda qüvvəsini sınayacaq. Burada ilk 2 komanda final mərhələsinə çıxacaq.
Qeyd edək ki, qadınlardan ibarət millimiz yarışa II mərhələdən başlayacağı dəqiqdi. Amma kişilərlə bağlı qeyri-müəyyənlik var. Onların orada olub-olmayacağı hələ açıqlanmayıb.