Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Sportarena.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ötən proses vəkil Adəm Məmmədovun vəsatəti əsasında əlavə şahid qismində "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı və Zəfər Şərifov ifadə verib.
Klub meneceri ifadəsində bildirib ki, hadisə olan gün jurnalistlər ondan açıqlama istəyib. Hadisədən də həmin an xəbər tutub. Daha sonra Cavidə zəng edib və birlikdə xəstəxanaya, R.Əliyevin yanına gediblər: “Xəstə ilə danışdıq, vəziyyəti yaxşı idi. Deyirlər, guya biz həkimə pul təklfi eləmişik. Həmin gün Rasimdən başqa heç kimlə görüşməmişik. Belə bir şey olmayıb. Hətta xəstəxanadan çıxanda Rasimin Aydın adlı dostuna nömrəmi verdim ki, problem olsa, zəng edə bilər”.
Polis əməkdaşı Rasim Bağırov ifadəsində deyib ki, C.Hüseynov Şamaxıda polis postunda saxlanılıb və Səbael rayonu, 8-ci bölməsinə təhvil verilib.
Daha sonra C.Hüseynov məhkəmədə sərbəst çıxış edib. O bildirib ki, Rasimin dostu Aydın Mahmudovun ötən prosesdə verdiyi ifadəsində ziddiyyət var. “Aydın deyir ki, guya mən onlara pul təklif eləmişəm ki, polisə məlumat verməsinlər. Belə bir şey olmayıb. Səbuhi Allah şahididir, yanımda idi. Həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyirəm”.
Məhkəmə ziddiyətləri ortadan qaldırmaq üçün A.Mahmudovun növbəti prosesə gəlib ifadə verməsi barədə qərar çıxarıb.
Növbəti proses mayın 11-də davam edəcək.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.(Lent.az)