Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qəbələ" penaltilər seriyasında "Neftçi"yə 3:4 hesabı ilə məğlu olaraq, mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
- Özünüz-özünüzü yıxdınız, yoxsa futbolçular?
- Necə şərh edəcəyimi bilmirəm. Öz futbolçularıma təşəkkür edirəm. Bu anda qlobal bir şeyləri fikirləşməyə dəyməz. Belə vəziyyətdə daha güclü olmaq lazımdı. Sabahdan etibarən çempionat oyunlarını düşünməliyik.
- Buna rəhbərlik səbir edəcək?
- Bu sualı rəhbərliyə sual versəz, daha yaxşı olar.
- Çempionatda vacib oyunlarda xal itirdiz. Əvəzində mətbuat konfransında futbolçulara təşəkkür etdiniz. Bu gün də eyni sözlər təkrarlayırsız. Bəlkə futbolçularla bir az sərt danışasınız?
- Bəzi oyunların analizindən sonra onlarla çox sərt danışmışıq. Ancaq bu gün fərqli oyun nümayiş etdirdilər. Onlara dəstək olmalıyam.
- İlk oyunundan sonra hakimdən narazılığınızı bildirmişdiniz. Düşünmüsüz ki, mübarizəni dayandırmanızda hakimin rolu da var?
- Hakimlərin işinə hörmətlə yanaşırıq. Düzdü, ilk oyundan sonra narazılığımı bildirmişdim. Ancaq indi bu barədə düşünmürəm.
- "Qəbələ" bu gün nəyin sayəsində mərhələ adlaya bilmədi?
- Çünki hər iki oyunda qol imkanlarını boşa verdik.
- Rəşad Eyyubov bu gün bərbad oyun nümayiş etdirdi. Asif Məmmədov qapıçı ilə üz-üzə qalanda, Zetsə ötürmə vermədi ki, bosniyalı ikinci qolu vursun. Samir Zərgərov da penaltini qaçırdı. 3 azərbaycanlı futbolçu... Əsasnamə imkan versəydi və belə bir imkanınız olsaydı, əsas heyəti legionerlərdən qurardınız?
- Gəlin məsələyə real yanaşaq. Yarışın əsasnaməsinə uyğun davranırıq. Yerli futbolçuları dəstəkləyirəm. Onların yanındayam. Yanaşmam ondan ibarətdi ki, oyuna hazır olan futbolçular çıxır. Yalnız məcburiyyətdə hansısa addımı ata bilərik.
- Ümumiyyətlə, Vitali Vernidub karyerası ərzində penalti vurub?
- O qədər olub ki, penaltilər seriyasında qalib gəlmişəm. Bu dəfə alınmadı. Nə edim, özümü asım, ya futbolçuları?
Penaltilər seriyasında futbolçuların əminliyinə diqqət yetirirəm. Bəzi futbolçular yorğunluqla əlaqədar penaltidən imtina etdi. Vitali Vernidub bu gün yaxşı oynadı. Penaltidən qol vuracağına əmin idi. Amma alınmadı...
- Öz futbolçularınızı müdafiə edirsiz. Bəs, sizi kim müdafiə edir, Allah, yoxsa?
- Allaha inanan adamam. İstərdim ki, Allah məni müdafiə etsin. Futbolçularımı müdafiə etməliyəm. Onları çox istəyirəm.(Qafqazinfo.az)