"Tour d’Azerbaïdjan-2016"da ikinci mərhələyə start verildi

13:32 5 May 2016

Mayın 5-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsi başlayıb.


Sportarena.az xəbər verir ki, saat 10:30-da Veloparkdan start götürən iştirakçılar 186,5 kilometr məsafə qət edəcək və İsmayıllıda finiş xəttini keçəcəklər.

Xatırladaq ki, beş mərhələdən ibarət turun birinci günündə məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat 34 dəqiqə 19 saniyəlik göstərici ilə mərhələnin qalibi olub. ABŞ-ın “İlluminate” komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən, idmançılarımız arasında ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur. O, beşinci olub.

Mərhələni qalib kimi başa vuran Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini əldə edib. O, həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR”, eyni zamanda, ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

Məlumat üçün qeyd edək ki, iştirakçılar 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ-Pirqulu (115,3 km), sonuncu mərhələdə isə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 kilometr məsafə qət edəcəklər.


Digər xəbərlər

Xəbər xətti