Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.
Sportarena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.
66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.
Qeyd edək ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir.