Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən "Böyük dəbilqə" turniri barədə danışıb. S.Sadıqov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Onun sözlərinə görə, belə təşkilatçılıq həm çətin, həm də məsuliyyətlidir: "İlk ev yarışımızdır ki, bu qədər qonaqları, ölkələri, cüdoçuları qəbul edirik. Bu qədər çətin olduğunu bilməzdim. Bu, həm də çox məsuliyyətli bir işdir. 80-dək dövlətin qəbul edilib, yarış çox yüksək səviyyədə təşkil olunub".
İlk yarış günündə Azərbaycan yığması 1 bürünc medal qazanıb. Həmin medala 66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov yiyələnib. S.Sadıqov bunu həm də özünün ilk medalı kimi dəyərləndirib. Onun fikrincə, növbəti günlərdə medalların əyarı daha yüksək olacaq: "Ev sahibi olaraq, bürünc medal bir qədər aşağı nəticə olsa da, bu gün üçün uğurlu saymaq olar. Hələ qarşıda iki günümüz var. Növbəti günlərdə daha yüksək əyarlı medallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasında 2015-ci ilin sentyabrından vitse-prezident vəzifəsində çalışır (sportnet.az).