Akademik avarçəkənlərimiz Avropa çempionatında 11-ci oldular

16:35 8 May 2016

Almaniyanın Brandenburq şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. 


Sportarena.az xəbər verir ki, Azərbaycanı Aleksandr Aleksandrov - Boris Yotov dueti təmsil edib.


Onlar 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparıblar. Seçmə yürüşdə bu duet finişə 6 dəqiqə 51,230 saniyəyə çataraq, Rolandas Masçinskas - Saulius Ritter (Litva) duetindən (06:49.240) sonra 2-ci olublar. Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa yarımfinala yüksəlib. Lakin bu mərhələdə təmsilçilərimiz Norveç, Almaniya, Böyük Britaniya, Fransa və Belarus təmsilçiləri ilə mübarizədə 7 dəqiqə 32,710 saniyə nəticə ilə sonuncu olublar. Nəticədə Aleksandrov - Yotov dueti mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. 


Onlar B finalında Fransa, Polşa, Çexiya, Ukrayna və Belarus idmançıları ilə mübarizədə 6 dəqiqə 43,420 saniyə nəticə ilə 5-ci, başqa sözlə, yekun sıralamada 11-ci yeri tutublar.

 

Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək. Onlar bu hüquqa ötənilki dünya çempionatında yiyələniblər.


Digər xəbərlər

Xəbər xətti