Təbriz Həsənov: "Son şansımızdan istifadə etməyə çalışacağıq"

22:51 8 May 2016

"Futbolçularıma təşəkkür edirəm. Bəlkə də həyatımın ən çətin günləri idi. Çünki Portuqaliya ilə məğlubiyyətdən sonra onları bu oyuna kökləmək çox çətin idi. Bu mənim üçün qələbəyə layiq oyun idi".

 

Sportarena.az xəbər verir ki, bunu Belçika ilə oyundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib.

"O məğlubiyyətdən sonra bəziləri ağlayırdı. Mənim üçün çox çətin idi. Düşünürəm ki, bacardıq. İstəməzdim ki, 17 yaşlı uşağın zəif çıxışına görə kimsə onlar haqda pis söz yazsın. Mənə elə gəlir ki, onlar bu təzyiqi üzərlərindən atdılar. Məni tənqid edən jurnalistə heç nə deyə bilmərəm, həmişə qəbul edirəm. Ancaq bu ərəfədə mətbuatı izləmirəm və bunu futbolçularıma da məsləhət görürəm. Bu futboldur. Portuqaliya ilə oyunda çox böyük təzyiq vardı. Üstəlik erkən qol buraxdıq, üzərlərində böyük gərginlik vardı. Uşaqlar yaxşı oynasa idi, hesab başqa cür ola bilərdi", - deyə baş məşqçi bildirib.

 

T.Həsənov qrupdan çıxmaq şanslarını da dəyərləndirib:

"Biz Şotlandiyanı yensək, Portuqaliya da böyük hesabla qalib gəlsə qrupdan çıxa bilərik. Necə oynayacağımızı zaman göstərəcək. Amma bu futboldur və qələbə üçün meydana çıxacağıq. Bugünkü oyunda şansımız da oldu, amma alınmadı. Buna baxmayaraq sonadək mübarizə aparacağıq və son şansımızdan istifadə edəcəyik. İkinci hissə üçün taktiki gedişlərimiz, əvəzetmələrimiz vardı. Ancaq qapıçının zədələnməsi planlarımızı pozdu. Onun vəziyyətinə aydınlıq gəlib. Məmməd Hüseynovun yüngül beyin silkələnməsi olub və bir müddət futboldan uzaq qalacaq. Kapitana gəldikdə isə mənə elə gəlir ki, Elçin işinin öhdəsindən gəldi. Bəlkə də siz bu oyunçulara peşəkar futbolçu kimi yanaşırsınız. Ancaq nəzərə alın ki, onların 17 yaşı var və səhvlər olmalıdır. Qarşımıza qrupdan çıxmaq üçün tələb qoyulmuşdu. Biz də bunun üçün çox çalışdıq. Bəlkə bizim bu mərhələdə təcrübəmiz olsaydı, alınardı. Yoldaşlıq görüşləri ilə rəsmi oyunların fərqi böyükdür. İbrahim ötən oyun əsas heyətdə oynadı. Ehtiyatda oturmağı o demək deyil ki, zəif futbolçudur".

"Hakimim bəzi qərarlarından narazı qalmışam. Bəlkə də elə deyil, mənim mövqeyimdən yalnış görünür. Ancaq düşünürəm ki, hakim səhvləri çox oldu. Bu gün zədə alanlar çox oldu. Siyahıya ehtiyat qapıçımızı salacağıq" - deyə, T.Həsənov deyib.(Report)


Digər xəbərlər

Xəbər xətti