Elbrus Məmmədov: "Bu cür gedişdən sonra yenidən işləmək olar?"

21:31 9 May 2016

“Tuyqun Nadirovla danışdıq və istefamın qəbul olunduğunu dedi”.

Bu barədə “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsindən istefa verən Elbrus Məmmədov  müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- İlin-günün bu vaxtında istefa vermək?..
- Niyə də yox? Hesab edirəm ki, əsl zamanı idi. Komanda 0:3 evdə məğlub oldu, mən də getmək qərarını verdim.

- Axı, çempionatın sonuna 3 tur qalıb...
- Yeni baş məşqçi gələndə, futbolçularda müəyyən oyanış olur. Ümid edirəm son 3 turda “Xəzər Lənkəran”da məhz bu, baş verəcək və komanda xallar toplayaraq, elitadakı yerini qorumağı bacaracaq.

- Bəlkə klubun maliyyə burulğanında çobalamasından bezmisiniz?
- İnanın ki, yox. Əgər belə olsaydı, heç komandanı qəbul etməzdim.

- “Xəzər Lənkəran”ın sizə borcu qalmayıb?
- Bu mövzuda danışmaq istəmirəm. Haqqımı halal edirəm və klub rəhbərliyinə mənə göstərdikləri etimada görə təşəkkür edirəm.

- Klubda başqa bir vəzifədə çalışmaq barədə düşünmürsünüz?
- Bu cür gedişdən sonra yenidən işləmək olar?

- Nə etmisiniz ki? Müharibə başlamısınız, zəlzələyə səbəb olan kimyəvi təcrübə keçirmisiniz...
- Yox, əlbəttə, yox. Ancaq inanmıram ki, yenidən “Xəzər Lənkəran”da çalışım.

- İstefa verdikdən sonra klub rəhbərliyindən kiminləsə görüşüb danışmısınız?
- Görüşməmişəm, telefon danışığımız olub. Tuyqun Nadirovla danışdıq və istefamın qəbul olunduğunu bildirdi.

- Bir dəfə danışmısınız?
- Bəli.

- Vitse-prezident Mais Mənsimovun fikrini öyrənmədən qərar verib?
- Yəqin ki, öyrənib, sonra telefon əlaqəsi qurub.

- Yaxın planlarınız nədən ibarətdi?
- Qarşıdan PRO kateqoriyası almaq üçün 2 həftəlik seminar gəlir. Ancaq bəribaşdan deyim ki, istefam buna uyğun plan üzrə baş verməyib. Həqiqətən də hesab etdim ki, ən düzgün qərar getməkdi.

- Əmək kitabçasını götürməmisiniz?
- Bu gün iş günü deyil axı. Yəqin ki, mayın 11-də ofisə baş çəkəcəm və əmək kitabçamı alacam.

futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti