Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu ilin yayında, 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışından əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaq üçün Bakıya səfər edib. Çarli Vaytinqin rəhbərliyindəki FİA nümayəndə heyəti mayın 9-da Bakı Şəhər Halqasına baxış keçirib.
Trekin Formula 1-in şəhər yarışına ev sahiblik etməyə hazır olub-olmadığından əmin olmaq üçün keçirilən baxış zamanı trek yolu və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. Formula 1 yarış təqvimindəki ən yeni treki ətraflı şəkildə incələyən Çarli Vaytinq trekin hazırlığından olduqca razı qaldığını bildirib.
Bakı Şəhər Halqasının memarı Herman Tilkenin də müşayiət etdiyi yoxlanış zamanı Çarli Vaytinq Formula 1-in ən yeni şəhər trekinin bütün cəhətlərini, o cümlədən əzəmətli Hökumət Evinin qarşısında yerləşən Paddok ərazisini və Pit Yolunu, həmçinin yaxında 2016-cı il Formula 1 Avropa Qran Prisinin simvoluna çevriləcək İçəri Şəhər divarıları boyunca 8-ci dövrədən başlayaraq 11-ci dövrəyədək davam edən 7,6 metrlik genişliyə sahib yoxuşlu dar küçəni də incələyib. Eyni zamanda Çarli Vaytinq trekin yarışın üz-üzə, iki istiqamətdə davam edəcəyi hissəsində də olub. Bakının ecazkar mənzərəsinə sahib dənizkənarı bulvar boyunca finiş xəttinə tərəf uzanan həmin hissədə bolidlərin sürətinin maksimal həddə - 340 km/saata çatacağı gözlənilir.
Bakı Şəhər Halqası ilə əlaqədar apardığı müşahidələrdən sonra Çarli Vaytinq bildirib ki, iyunda keçiriləcək Formula 1 Avropa Qran Prisi öncəsində hər şey qaydasındadır: “Bakı Şəhər Halqası vaxtında yarışa tam hazır olacaq. Siz trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin ola bilərsiniz. Bakıya növbəti səfərim iyunun əvvəlində olacaq və inanıram ki, həmin səfər zamanı bu trekin yarış üçün tam hazır olduğunu bəyan edə biləcəyəm. Burada Formula 1 yarışı çox gözəl şəkildə baş tutacaq. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı anlara sahib olacaq. 12-dən 15-ci döngəyə qədər olan hissədə bolidlər yüksək sürətlə hərəkət edəcəklər və 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq.
Trekin 16-cı döngədən 20-ci döngəyədək düz xətt boyunca davam edən hissəsində yarış möhtəşəm keçəcək və burada sürət maksimal həddə çatacaq. Bu treki yalnız Sinqapur treki ilə müqayisə edə bilərəm, lakin burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək olacaq”.
FİA rəsmisi Çarli Vaytinq Bakıya səfər etmək barədə hələ tam qərar verməmiş azarkeşlərə də müraciət edib: “Bakıya gəlmək istəyənlərə sözüm odur ki, siz bu şəhərə mütləq gəlməlisiniz. Bakı ecazkar şəhərdir. Mən burada dəfələrlə olmuşam və ünsiyyətdə olduğum hər kəsdən böyük qonaqpərvərlik görmüşəm. Bakı həqiqətən də unikal yarışa səhnə olacaq”.
2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkilatçısı və promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov FİA rəsmisinin treklə bağlı müsbət qiymətləndirməsindən məmnun qaldığını bildirib: “Cənab Vaytinqin Bakı Şəhər Halqasına bugünkü səfəri ərəfəsində hazırlıqlarla bağlı səsləndirdiyi müsbət rəyə görə çox şadıq. Biz əmindik ki, FİA heyəti indiyədək gördüyümüz işlərdən çox razı qalacaq və bu, bu gün öz təsdiqini tapdı. Bu rəy bizim komandada olan hər bir kəs üçün qürur mənbəyidir. Biz bu işi sonadək ən yüksək səviyyədə davam etdirməyə çalışacağıq ki, cənab Vaytinq iyunun əvvəlində baş tutacaq növbəti səfərində Bakı Şəhər Halqası Formula 1 yarışını keçirməyə tam hazırdır deyə bilsin. Biz bunun reallaşacağına tam inanırıq və var gücümüzlə çalışmağa davam edəcəyik ki, bu yarış, tribunalarda olan və evlərində ekran qarşısında əyləşən hər bir azarkeş üçün həqiqətən də yaddaqalan və möhtəşəm olsun”.