Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Birinci divizion çempionu “Neftçala”nın mükafatlandırma mərasimindən sonra idmanxeber.com-a müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Ramin müəllim, ilk növbədə “Neftçala” klubunun bu il divizionda çıxışı və çempionluğu barədə fikirlərinizi bizimlə bölüşərdiniz.
- “Neftçala” son 4-5 ildə yeni rəhbər, yeni prezident, yeni sponsor təyin olunandan sonra böyük uğurlar qazandı. Bilirsiz ki, klubun əvvəl sponsoru, rəhbəri başqaları idi və onlar bizə çox başağrısı verirdilər. Doğurdan da rayonda yeni komanda qurulduqdan sonra “Neftçala” çox irəli getdi. Bilirsiz ki, dünya futbolunda belə bir şey olmayıb ki, hər hansı bir klub 2 il ard-arda divizion çempionu olsun. Bu komanda həqiqətən 2 il çempion olmaqla dünya futbolunda rekord vurdu. Mən inanıram ki, “Neftçala “ Premyer Liqada oynamağa layiq olan komandaların beşindən biridir.
- Əldə etdiyimiz məlumata görə, keçən mövsüm bu kluba lisenziya verilməyəndə başda Kamal Quliyev olmaqla klub rəhbərliyinə “əgər növbəti dəfə də çempion olsanız, kömək edəcəyəm” vədi vermisiz.
- Bəli, elə bir söhbət olub və mən sözümün üstündə dururam. Ona görə ki, bu çempionatı keçirən qurumun rəhbəri mənəm. Bu çempionluğun bəhrəsini “Neftçala” görməlidir. Bəzi söz-söhbətlər gəzir, amma onlara heç kəs inanmasın. Çünki bunlar boş söhbətlərdi. Mən inanıram ki, “Neftçala” gələn il Premyer Liqada oynayacaq.
- Əgər bu il kluba lisenziya verilməsə, o zaman komanda ikinci dəfə divizion çempionu olmaqla elə aşağı liqada qalmış olacaq. Sizcə, bu futbolda anormal hadisə deyil?
- O zaman bu komanda qalmaz. Çünki lisenziya verilməyəcəyi təqdirdə nə rəhbərliyin, nə baş məşqçinin, nə də futbolçuların komandada qalmağa həvəsi olmaz.
- Demək istəyirsiz ki, lisenziya verilməyəcəyi təqdirdə “Neftçala”nın dağılmaq təhlükəsi var?
- Xeyr, dağılmaq deməzdim buna. Amma inam qalmaz. Növbəti mövsümdə sonuncu yerdə gedən komandalardan biri olmaq ehtimalı ola bilər. Bu uşaqların əməyini itirmək olmaz.
- Bəs sizin fikrinizcə “Neftçala” klubunda nə kimi problemlər var ki, 2 ildir artıq Premyer Liqaya yüksələ bilmirlər?
- Əslinə qalanda klubun özündə heç bir problem yoxdur. Bunu mən sizə tam əminliklə deyirəm. Onlar həqiqətən də çempionluğa layiq komandadır. Komandanın hər bir infrastrukturu Premyer Liqada iştirak etməyə imkan verir.
- Biraz da Premyer Liqa haqqında... Bu mövsüm ötən illərə nisbətdə aşağı səviyyədə keçdi və əvvəlki kimi komandalarda mübarizə ruhu yox idi.
- Əslində mübarizə zəif deyildi, sadəcə çempionluq üçün çox aşağı oldu. “Qarabağ” xal hesabında çox önə keçdi, ona görə belə alındı. Amma Avropa Liqasına vəsiqə qazanmaq üçün hələ də mübarizə gedir və son tura qədər də gedəcək. Sadəcə, ümumi dünyada baş verən məlum maddi problemlərə görə bahalı futbolçuların transferi klublarda çətinlik yaratdı və bu da uzaqdan çempionatımızın zəif keçməsi anlamına gətirir. Amma əslində bu heç də belə deyil.
- Amma ikinci pillədə olan klub “Qarabağ”dan 20 xal geridədir.
- Bu “ Qarabağ”ın çox güclü səviyyədə oynamasına görədir. Heç kəsin haqqı yeyilə bilməz.
- “İnter” klubunun CAS-a şikayəti ilə bağlı nə kimi yenilik var?
- Məlumatımız var ki, şikayət olunub, amma qəbul olunması inandırıcı görünmür. Mən şəxsən inanmıram. Yenə də ümid ən sonda ölür. Çox istərdim bəraət alsınlar. Çünki “ İnter” klubunun yeni rəhbərliyi cavan kadrdı, futbol ailəsindən gəlmiş bir insandı. Az vaxtda öz komandasında böyük dönüş etmiş bir insandı. İstərdim o komanda ruhdan düşməsin. Çempionatın maraqlı keçməsində “ İnter” in böyük zəhməti var. İstərdim elə onlar olsun Avropa Liqasına vəsiqə qazanan komandalardan biri. Amma bir daha deyirəm, bu bizlik deyil, nə də bizim buna müdaxilə etməyimizə imkanımız yoxdur.
- Bəs “Zirə”...?
- Onlar da Avropa Liqasına layiqdi. Yalnız onu deyə bilərəm ki, bugünə kimi problem həll olunmayıb.
- Premyer Liqamızda ikinci və üçüncü yeri tutan klublar Avropa Liqasına getmir. Yerdə qalır 4 və 5-inci yerlər. Öz çempionatımızda ilk 3 yeri tuta bilməyən klublardan Avropa Liqasında nəisə gözləməyə dəyərmi?
- Bilirsiz, gəlin belə danışaq, “Neftçi” və “ Qəbələ” nin Avroliqa təcrübəsi var. Mən bircə buna arxayınlaşıb deyə bilərəm ki , nəisə gözləməyə dəyər.