Bədii Gimnastika üzrə yığma komandanın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq Azərbaycan Çempionu titulunu qazanıb.
Sportarena.az xəbər verir ki, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Jalə, mayın 13-də çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görüldü. Marina Durunda 72.900 xalla yarışların gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medalına sahib olub.
Yarışların ilk günündə, həmçinin gənclər öz aralarında çoxnövçülükdə mükafatçıları müəyyən ediblər. Zöhrə Ağamirova rəqiblərini qabaqlayaraq qalib, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü olublar.
Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı yarışları ilə birgə keçirilən Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyinin müəyyən yaş qrupları üzrə artıq qalibləri bəlli olub. Mayın 12-də keçirilmiş tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırılıblar. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar.
Mayın 13-də, batut gimnastikası üzrə yarışlarda isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. Böyüklər yaş kateqoriyasında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan Çempionu titulunu qazanıb. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.