Millimizin baş məşqçisi: "Çox utanırıq, sanki dilənçiyik"

11:53 16 May 2016

“16 ildir peşəkar voleyboldayam. Müəyyən dövrlərdə yığmamıza gələn və gedənlər olub. Lakin bu gün komandamız sırf azərbaycanlılardan qurulub”. 


Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.

 
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindən imtinasının səbəbini açıqlayan Cəlalov komandanın maddi sıxıntılar içərisində çabaladığını və hazırkı durumla kimsənin maraqlanmadığını bildirib.

 
“Bütün problemlərə baxmayaraq, yığmada meydana çıxanda öz canlarını qoyan, intizamı ilə fərqlənən uşaqlar toplaşıb. Mən ötən ilin avqustunda komandaya baş məşqçi təyin olunmuşam. Bundan sonra məşqlərə başlayıb, illik planı federasiya rəhbərliyinə təqdim etdik. Planda bir neçə ölkəyə təlim-məşq toplanışına yollanmaq və digər xərclərin hamısının smetası vardı. Lakin noyabrdan sonra vəziyyət pisləşdi. Artıq hətta məşq üçün zal tapa bilmirdik. Forma haqda isə danışmaq istəmirəm. Bizdə geyimlər 4-5 ildə bir dəfə dəyişib. Yəni, kişi voleybolunda diqqətsizlik bu günün söhbəti deyil. Sadəcə, bu gün “bıçaq sümüyə dirəndiyi” üçün qərara aldıq ki, Avropa çempionatının seçmə mərhələsindən imtina edək. Bu addımı da kefimizdən deyil, komandada yer alan hər bir şəxsin ailəsi, bəzilərinin xəstə valideyni olması səbəbindən atdıq. Artıq biz ev üçün çörək pulu tapmağa belə çətinlik çəkirik. Əvvəllər KİV-də komandamıza cavan deyiləndə, sevinirdik ki, gələcəyimiz var. Artıq 29 yaşındayam və komandada heç birimiz gənc sayılmırıq. 6 ay maaş almayan insan necə yaşaya bilər? Azərbaycanın əhalisi artıq 10 milyona yaxınlaşır. Bunların içərisində isə cəmi 12 voleybolçu və 2 məşqçi qalıb. Əgər federasiya cəmi 14 nəfərin xərcini ödəyə bilmirsə, bu idman növünün hansı gələcəyindən danışmaq olar?” – deyə, baş məşqçi vurğulayıb.  
 

Cəlalovun sözlərinə görə, yalnız ötən il - I Avropa Oyunları zamanı komandaya bir qədər qayğı göstərilib: “Avropa Oyunlarından öncə hamı söz verdi ki, şəhidlər vermiş ölkəyik və yaxamızdakı üçrəngli bayrağı daim uca tutmalıdı. Hazırda hər şey Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayavin üzərində qalıb. İdmanda isə stimul olmalıdı. Açığı, bu günədək komanda daxilindəki problemlərin mətbuata çıxmağının qarşısını mən almışam. Həmişə demişəm ki, reallığı danışsaq Faiq müəllimə toxunar. Yaxud da dolayısı ilə yenə hər şeyi onun üstünə atacaqlar. Amma bu gün hər şey maliyyədən asılıdı. Bəlkə 100 dəfə Qarayevin üstünə getmişəm, imkanı çərçivəsində hamısında da verdiyi sözləri yerinə yetirib. O isə vitse-prezidentidi, rəhbərimiz Ziya Məmmədovdu”.

 
Maddi sıxıntı səbəbindən komandanın təcrübəsizlikdən əziyyət çəkdiyini etiraf edən çalışdırıcı bildirib ki, baş məşqçi təyin olunandan sonra cəmi 1 dəfə 3 günlük səfərə çıxıblar: “İlboyu yarışlardan kənar qalmışıq. İranda “İnqilab turniri”nə cəmi 4 500 manata görə gedə bilmədik. Gürcüstana bir dəfə oyun üçün yollandıq. 3 günə gedib qayıtmışıq və 2 oyun keçirmişik. Bu isə sözün əsl mənasında çox çətin idi. Qarayevin planında bizi Sloveniyaya, Polşaya göndərmək vardı. Lakin maliyyə durumu buna imkan vermədi. Çünki onun bütün bunlara imkanı yoxdu, oliqarx deyil. Mövsümün ortasında sauna və trenajora getməyə belə pulumuz olmadı. İqtisad Universitetinin rektoru Ədalət Muradova təşəkkür edirəm. Çox sağ olsun ki, bu problemlərdə bizə yardımçı oldu, zallarını təmənnasız istifadəmizə verdi. Federasiyamızın baş katibi Elşən İsmayılov isə sauna çətinliyimizi aradan qaldırdı. Amma fikirləşin ki, “Sahil” metrosunda məşq edib, Biləcəriyə saunaya gedirdik. Bütün məşqlərimiz beləcə əziyyətlə keçib. Yemək və nəqliyyat probleminə görə gündə cəmi 1 dəfə hazırlıq keçə bilmişik. Aylıq 1000 manat yemək pulumuz olmadığı üçün 2 məşq etməmişik. Fikirləşin ki, kimsə evindən digəri üçün ərzaq gətirib ki, meydana ac çıxmasın. Biz sabah üçün yola çıxmalıydıq. Amma bu gün tam hazır deyilik. Nəsə yalan deyə bilmərik. Fiziki və taktiki baxımından tam hazırıq, amma psixoloji tərəfdən çox çətin durumdayıq”.
 

Cəlalov bildirib ki, onlara etimad göstəriləcəyi halda Azərbaycanın adını daim yüksəklərdə tutacaqlar: “Biz qul deyilik. Azərbaycanda nə qədər iş yerləri var. Gedərik, haradasa işləyib dolanarıq. Burada 6 aya 500 manat maaş alırıqsa, digər yerdə də bunu 1 aya da qazana bilərik. Amma komandamızın meneceri və məşqçilər korpusu uşaqlara ruh yüksəkliyi veririk ki, yığmamızın gələcəyi var, hər yerə Azərbaycan üçün gedirik. Açığı, hazırkı durumumuzdan çox utanırıq, sanki dilənçiyik. Onlar yenə əl açıb dilənə bilir, amma 2 metr boyu olan insan gedib kimdən pul istəyə bilər?”

 
Avropa çempionatının başlamasına 3 gün qaldığını nəzərə alsaq, son anda problemlərinin yoluna qoyulması mümkündü. Lakin Cəlalov bildirib ki, tək bu yarış üçün maliyyə probleminin aradan qaldırılsa, yenə də Tiflisə getməyəcəklər: “Bu qərardan sonra bir yarış üçün yenə başımızın aldadılmasına imkan verməyəcəyik. Bu, 10-15 illərin problemidi ki, bu gün partlayır. Biz kişi voleybolunun gələcəyi üçün daimi təminat, çempionatımızın təşkil olunmasını istəyirik. Məsələn, uşaqlar mənə müraciət edirlər ki, Tiflisə gedib-qayıdarıqsa, növbəti toplanışımız sentyabrın əvvəlində olacaq və oktyabrda maaş alacağıq və bu aradakı 5 ayda nə ilə yaşayacağıq? Hazırda cəmi 12 nəfər voleybolçumuz qalıb, digəri yoxdu. Əgər daimi təminat olarsa, məşqlərimizi ilboyu davam etdirək. Çox yox, normal əmək haqqı istəyirik”.


Digər xəbərlər

Xəbər xətti