Sentyabrda paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq işləri davam edir.
Sportarena.az xəbər verir ki, hazırda təşkilatçılar açılış mərasiminin təntənəli keçirilməsi üçün paytaxtda yerləşən arenalara baxış keçirir. Bu məqsədlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, FİDE rəsmiləri eləcə də "Amapola" şirkətinin nümayəndələri Milli Gimnastika Arenasında olub. Avropanın ən gözəl idman qurğularından sayılan Milli Gimnastika Arenasında yaradılan şərait yüksək qiymətləndirilib. Bildirilib ki, arenada təntənəli açılış mərasimini təşkil etməyə hər cür şərait var.
Qeyd edək ki, 9 000 tamaşaçını qəbul etməyə hazır olan Milli Gimnastika Arenasının dizaynı çox funksiyallıgını nümayiş etdirməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000-dən 9 000-ə qədər artırıla bilər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan arena Avropanın ən gözəl idman qurğularından biri hesab edilir.