"Xəzər Lənkəran"ın sabiq vitse-prezidenti: "Güya kimlərsə AFFA-ya XL-ə görə təzyiq edir" - MÜSAHİBƏ

16:03 17 May 2016

“Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Rəvan Bəşirovun sportarena.az saytına müsahibəsi.

 

- Bildiyiniz kimi, AFFA “Xəzər Lənkəran”a Premyer Liqada oynaması üçün lisenziya vermədi. Bu barədə fikirləriniz öyrənmək maraqlı olardı...
- Bunun baş verəcəyi mövsümün əvvəlindəm bəlli idi. Komanda mövsüm ərzində FİFA və oyunçularla bir çox problemlər yaşamışdı. Zatən “Xəzər Lənkəran” cari mövsümə iddialı başlamamışdı. Deməzdim ki, birinci diviziona düşməyi planlamışdılar. Bu vəziyyətdən çıxmaq üçün komandada bəzi problemlər var. Həmin problemləri aradan qaldırmaq lazımdır.

 

- “Xəzər Lənkəran” bu vəziyyətdən çıxmaq üçün adını dəyişib AFFA-nın himayəsi altına da keçə bilər. Sizcə komandanı məlum durumdan xilas etmək üçün rəhbərlik bu üsula əl atacaqmı?
- “Xəzər Lənkəran”ın  sahib olduğu ən böyük bir şey, ilk növbədə onun azarkeşləridir. İkinci isə Mübariz Mənsimovdur. Mübariz Mənsimovun “Xəzər Lənkəran”a can yan yandırdığı qədər, heç bir klubun prezidenti can yandırmayıb. Hal-hazırda XL bunların hər ikisini itirib. Komandanın M.Mənsimovu itirdiyi açıq aydın görünür. Hətta bu bir neçə ildir ki belədir. İkincisi də ki, azarkeşlərini itirib. Baxmayaraq ki, Azərbaycanda yeganə biletlə olan oyunlar bizdə olub, amma, XL ən adi oyunlarında belə stadionunu tam doldura bilib. İlk növbədə azarkeşləri qazanmaq lazımdır. Bizim nə federasiyamız, nə də klub azarkeşlərimizə qiymət vermirlər. Ölkəmizdə digər klublar həmişə stadionlarını doldurmağa çalışarkən, XL dolu stadionları boşaltdı. 

 

- Deməli, XL azarkeşlərini öz əli ilə itirdi?
- Biz – “Xəzər Lənkəran” fanatları həmişə demişik ki, komandamızı çempionluğa görə sevmirik. Bu klub həmişə var olsun və komandada hər şey düzgün olsun. Azarkeşlərə qiymət verilsin. Sonuncu yeri tutsalar belə, mübarizə aparsınlar. Mən əminəm ki, XL fanatları elə fanatlardır ki, komanda sonuncu yerdə olsa belə stadionu doldura bilərlər. Sadəcə azarkeşlərlə düzgün rəftar etmək lazımdır. Azarkeşlərin komandadan soyuması, fanatların həbs olunmasından sonra başladı. Sadəcə, yenə deyirəm, azarkeşlərinə dəyər verməlidir klub. Bu insan fanatdır. O, oyun ərzində yerində otura bilməyəcək. İstənilən çılğınlığı edə bilər, dava sala bilər, əlindəki şüşəni stadiona ata bilər və s. Azarkeşləri başa düşmək lazımdır, həbsə atmaq yox.  Bunları anlamayan adamlar, deməli, futbola baxmayıb və futbol haqqında məlumatı yoxdur. Amma futbolla məşğuldurlar.

 

- Ötən il “Rəvan” da AFFA-dan lisenziya ala bilməmişdi, amma Premyer Liqada çıxış etməsinə icazə verildi. Sizcə “Xəzər Lənkəran”ın Premyer Liqada oynamasını kimlərsə istəmir?
- Həmişə belə söhbətlər olub. Güya kimlərsə AFFA-ya təzyiq edir və ya oradakı insanların XL-dən xoşları gəlmir. Belə söhbətlər mənə həmişə mənasız gəlir. Çünki, əgər komanda 10 matçdan 9-da qalib gəlmək gücündədirsə, kim sənə nə edə bilər? Komanda birinci öz daxilindəki problemlərdən başlamalıdır, daha sonra kənardakılardan danışmalıdır. AFFA-nın XL-i istəmədiyi söhbəti deyil. Belə bir şey yoxdur. Əgər qalib gəlmək iqtidarındasansa heç kim sənin oyununa təsir edə bilməyəcək. Bunu o vaxt demək olar ki, bəzi prinsipial oyunlarda hakim qərəzli qərarlar qəbul edir və ya kimsə hakimə təsir edir. Bu bizim Premyer Liqamızdan və Premyer Liqa adlandırılmazdan əvvəl də baş vermiş bir haldır.   Başqa bəhanə axtarmaq, günahı kiminsə üzərinə atmağa ehtiyac yoxdur. 

 

- “Xəzər Lənkəran”nın futbolçulara 1 milyon dollardan çox borcu var. AFFA-dan lisenziya almaq üçün klubun bu borcları ödəməsi lazımdır. Federasiya da “Xəzər Lənkəran”a bu borcları ödəməsi üçün 14 gün vaxt verib. Sizcə bu müddət ərzində komanda mövcüd durumdan çıxa biləcək?
- 1 milyon “Xəzər Lənkəran” üçün, klubun aid olduğu “Palmali” şirkətlər qrupu və Mübariz Mənsimov üçün elə də ciddi pul sayılmır. Hətta, M.Mənsimov “Xəzər Lənkəran” üçün illik ayırdığı büdcəni dəfələrlə açıqlayıb. 1 milyon elə də fantastik rəqəm deyil ki, ödənilə bilinməsin. Təbii ki, M,Mənsimov istəsə anında bu pulu ödəyə bilər, bəs sonra? Tutaq ki, bu il birtəhər vəziyyətdən çıxa bildi. Növbəti mövsümdə də eyni hal yaşanacaq. Yenə sonuncu yerdə olacaq. 
Şəxsən mənim belə bu kluba marağımı öldürüblər. Bunun günahını həm klubumuzda görürəm, həm də federasiyada. 

 

- Düşünmək olarmı M.Mənsimov klubun uğursuzluğlarından inciyib və komandaya vəsait ayırmır?
- Bilirsiz, Azərbaycanda futboldan gəlir əldə etmək çox çətindir. M.Mənsimov hər il XL-ə milyonlarla pul yatırıb amma heç bir gəlir əldə etməyib. Adicə, digər klublar 3-4 milyonluq stadion tikəndə, “Xəzər Lənkəran” səhv etmirəmsə 20 milyona stadion tikdirdi. O, bunların hamısını XL üçün edib. Bunlara qiymət vermək lazımdır. Belə hal uzun illər davam edə bilməz axı. Demək olar ki, XL-ə görə M.Mənsimov hər il milyonlarla dollarını çölə atıb.

 

- Bildiyiniz kimi, AFFA cəmi səkkiz kluba Premyer Liqada oynamağa lisenziya verdi. Növbəti mövsüm Premyer Liqamızda səkkiz klub mübarizə apara bilər. Bunun futbolumuza nə kimi təsirləri ola bilər?

- Premyer Liqada istər 10 klub mübarizə aparsın, istər 12, istərsə də 18. Bu bizim futbolumuza təsir etməyəcək. Mənim kimi futbolla yaxından maraqlanan bir adam, bu gün əgər stadiona getmirsə bu futbolumuzun ciddi problemidir. Mənim kimi hələ neçə-neçə azarkeş futboldan soyuyub. Azərbaycan futbolunda ən böyük problem azarkeş sayıdır.  İlk öncə bu problemi həll etmək lazımdır. Sonra hər şey qaydasına düşəcək.

İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti