Bu gün Almaniyanın Duysburq şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri kayak və kanoe üzrə Avropa Təsnifat Reqatası start götürəcək.
Sportarena.az xəbər verir ki, iki gün davam edəcək reqatada Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
Bu, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edəcək Aleksey Kupindir. Kupin mübarizəyə Bakı vaxtı ilə saat 11:20-də başlayacaq. O, Stefanos Dimopulos (Yunanıstan), Yosep Karlsson (Estoniya), Strahinya Mladeziç (Serbiya), Matey Rusnak (Slovakiya) və Dieqo Romero (İspaniya) ilə yarışacaq. Digər yürüşdə Karlo Taççini (İtaliya), Daqnis İlyins (Latviya), Leonid Karp (Rumıniya), Aleksey Maxnist (Belarus) və Angel Kodinov (Bolqarıstan) iştirak edəcək. Hər yürüşdə ilk "3-lüy"ə düşənlər birbaşa əsas finala yüksələcəklər. Sonrakı yerlərin sahibləri isə yarımfinalda çıxış edəcəklər. Olimpiadaya lisenziya qazanmaq üçün final yürüşündə finişə ilk 2 yerdə çatmaq lazımdır.
Kupin Azərbaycan millisinin üzvü kimi ilk dəfə xaricdə keçiriləcək reqatada 1 nəfərlik qayıqla qüvvəsini sınayacaq. O, əvvəllər Sergey Bezuqylıy ilə birgə 2 nəfərlik qayıqla (K-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə çıxış edib.
Qeyd edək ki, Avropa Təsnifat Reqatası "Rio-2016"ya lisenziya üçün son şansdır. Ötənilki dünya çempionatında Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə olimpiadada iştirak hüququna yiyələnib.