Hollandiya Kral Futbol Federasiyası (KNVB) rəsmi saytından verdiyi açıqlamada bildirib ki, Eredivisie klublarından “Tvente” növbəti mövsümdən etibarən aşağı liqada mübarizə aparacaq.
Məlumatda həmçinin qeyd olunur ki, komandanın peşəkar lisenziyasının əlindən alınması da gündəmdə olsa qərar ancaq klubun aşağı liqaya göndərilməsi ilə məhdudlaşacaq və bunu klub özü üçün yaradılmış ikinci şans kimi qiymətləndirməlidir.
Vaxtilə millimizin üzvü Vaqif Cavadovun da çıxış etdiyi “Tvente” bu mövsümü 40 xalla 13-cü pillədə yekunlaşdırmışdı.
Son illər ərzində maliyyə baxımından çətin günlər yaşayan klubun son iki mövsümdə eyni səbəbdən Federasiya tərəfindən 3 xalı silinmişdi. Klubun sponsoru olan Doyen Sports ilə müqaviləsində qaydalara zidd məqamlar olduğundan klub 3 illiyinə Avropa Kuboklarından da uzaqlaşdırılmışdı.