Bu gün Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə I Dünya Kubokuna start veriləcək.
Sportarena.az xəbər verir ki, 3 günlük nüfuzlu reqatada Azərbaycanı 4 idmançı təmsil edəcək.
Bakı vaxtı ilə saat 11:45-də mübarizəyə kanoeçi Aleksey Kupin başlayacaq. 1 nəfərlik qayıqla (C-1) çıxış edəcək Kupinin 7 rəqibi olacaq: Vinsent Slominski (Polşa), Oleq Tarnovski (Moldova), Adrian Bart (Fransa), Dieqo Romero (İspaniya), Stefanos Dimopulos (Yunanıstan), Rivey Vanq (Çin), Gerasim Koçnev (Özbəkistan). 4 seçmə yürüşdə ilk "6-lığ"a düşənlər və 7-ci yerin sahiblərindən 3 ən yaxşısı yarımfinala yüksələcək. Kupin daha öncə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında çıxış edib. O, yarımfinalda mübarizəni dayandıraraq, lisenziyasız qalıb.
Saat 12:50-də yeganə kayakçı, artıq "Rio-2016"ya lisenziyanı təmin etmiş İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə başlayacaq. Seçmə yürüşdə olimpiya çempionunun rəqibləri Yuliya Borzova (Özbəkistan), Viktoriya Şvarts (Avstriya), Jimey Sara Çen (Sinqapur), İvana Kmetova (Slovakiya), Yu Ju (Çin), Cennifer Eqan (İrlandiya), Anastasiya Nevskaya (Rusiya) və Tabea Medert (Almaniya) olacaq. ilk "6-lığ"a düşənlər yarımfinala yüksələcəklər. Hər iki idmançı üçün yarımfinal yürüşləri günün ikinci yarısında baş tutacaq.
Mayın 21-də isə ilk olaraq, Nikita Sablin və olimpiadaya daha bir lisenziyanın sahibi Valentin Demyanenko mübarizəyə başlayacaq. Hər iki kanoeçi 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Start xəttinə 10:55-də çıxacaq sablinə Vadim Korobov (Litva), Aleksandr Maksimçuk (Ukrayna), Alfonso Benavides (İspaniya), Qianq Li (Çin), İvan Ştıl (Rusiya) və Zaza Nadiradze (Gürcüstan) rəqib olacaq. Bundan 5 dəqiqə sonra yürüşə atılacaq Demyanenko isə Conatan Haydu (Macarıstan), Angel Kodinov (Bolqarıstan), Pyer-Luk Laliberte (Kanada), Timur Xaydarov (Qazaxıstan), Ştefan Holts (Almaniya) və Yuri Çebanla (Ukrayna) yarışacaq. Hər 2 yürüşdə ilk 7-liyə düşənlər və 8-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik kanoeçi yarımfinala adlayacaq.
Saat 11:39-da Kupin 1 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşə çıxacaq. Onun 8 rəqibi olacaq: Abdulaye Queye (Seneqal), Zaza Nadiradze (Gürcüstan), Ferents Seksardi (Avstraliya), Oleq Tarnovski (Moldova), Serciu Krakyun (İtaliya), Leon Mussell (Kuk adaları), Yosep Karlsson (Estoniya), Denis Kovalenko (Ukrayna). Yürüşün qalibi birbaşa finala, 2 - 7-ci yerlərin sahibləri yarımfinala yüksələcək.
Nəhayət, saat 17:41-də İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Yuliya Frölund Funx (Danimarka), Zoya Anançenko (Qazaxıstan), Yuliya Borzova (Özbəkistan), Jia Ninq Debora Sav (Sinqapur), Fransiska Vidmar (İsveçrə), Yuliana Salaxova (Rusiya) və Hideka Tatara (Yaponiya) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala adlayacaqlar.
Qeyd edək ki, I Dünya Kubokuna mayın 22-də yekun vurulacaq.