Federasiya prezidenti: "Millimiz çempionatın ən ağır qrupuna düşüb"

14:05 20 May 2016

"Ağır qrupa düşmüşük. İspaniya dünya reytinqində birinci, İran isə üçüncüdür. Püşkatmanın nəticəsi bir az fərqli ola bilərdi. Çətin olacaq, amma hazırlaşmaq lazımdır". 


Sportarena.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının final mərhələsinin püşkatma nəticəsini dəyərləndirərkən deyib.


Z.Axundov Azərbaycan millisinin çempionatın ən ağır qrupunda yer aldığını bildirib: "Qrupdan çıxmaq olar. Hansı oyunun ağır və ya yüngül olacağı haqda fikirləşmirik. Bütün komandalarla yüksək səviyyədə oyun oynayacağıq. Dünya çempionatında zəif komanda olmur".

 

Federasiya rəhbəri milli komandaya gələn həftə baş məşqçi təyin olunacağını və bundan sonra hazırlığın başlayacağını söyləyib: "Gələn həftə bu məsələ bitəcək. Məşqçi çoxdur, ancaq səhv addım ata bilmərik. Bu gün bizim milliyə rəhbərlik etmək istəyən mütəxəssislər çoxdur. Üç həftədən çoxdur ki, bu məsələ üçün çalışırıq. Əsas namizədimiz Braziliya və İspaniyadan olan iki mütəxəssisdir. Artıq çempionat başa çatdı və kubokun finalından sonra komandalar istirahətə yollanır. İyunun 15-dən sonra yüngül məşqlərə başlayacağıq. Buna qədər də baş məşqçi və köməkçiləri müəyyənləşəcək. Bundan sonra plan üzrə sparrinq görüşlər keçirməliyik. Bakıdan əlavə xarici ölkədə də toplanış planlaşdırırıq. Düşünürəm ki, iyulun sonunda bir həftəlik toplanış olacaq. Orada 2-3 yoldaşlıq görüşü keçirməyi nəzərdə tuturuq. Bu yarışa çox ciddi hazırlaşmalıyıq. Federasiyada da hamı işini atıb, yalnız komandanın hazırlığına köklənib. Komandada yeni futbolçunun olub-olmaması yeni gələcək baş məşqçidən bağlıdır. Amma düşünürəm ki, dəyişikliklər olacaq. Sentyabrın əvvəlində isə Kolumbiyaya yola düşəcəyik".


Qeyd edək ki, Azərbaycan millisi Kolumbiyada keçiriləcək dünya çempionatında F qrupunda mübarizə aparacaq. Millinin rəqibləri İran, İspaniya və Mərakeş yığmalarıdır. Çempionatın final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində - Medelyinlə yanaşı, Kali və Bukaramanqada olacaq.


Digər xəbərlər

Xəbər xətti