Türkiyə millisinin baş məşqçisi Fatih Terim İngiltərə ilə baş tutacaq yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Bu oyuna ən güclü heyətlə çıxacaqlarını dilə gətirən “İmperator” bunları deyib: Roy Hocson mənim köhnə dostlarımdandır. İngiltərəyə çox şeylər qazandırdığını bilirəm. O heyətə kimi buraxırsa buraxsın, diqqətli olmaq lazımdır. Ona görə də bu oyuna əlimizdəki ən güclü heyəti buraxacağıq. Bu oyunlar bizim üçün çox önəmlidir. İngiltərə Hollandiya oyunu xaric son dövrlər heç bir oyunu uduzmayıb. Çox az qol buraxıb rahat qol vuran komandadır. Buna görə də onlara qarşı ən yaxşı oyunumuzu sərgiləməliyik”.
Fatih Terim həmçinin yığmanın “AVRO-2016” heyəti barədə də danışıb:
“Əslində bizim əlimizdə açıqladığımız kimi 31 yox, daha çox oyunçumuz var. Ola bilər digər oyunçuları da yığmağa çağıraq. Çünki ayın 31-nə qədər vaxtımız var və bu müddət ərzində 2 yoldaşlıq oyunuyla bərabər bir çox məşqlər də keçirəcəyik. Məşqlər zamanı hər hansı bir zədələnmə yaxud zəif performanslar ola bilər. Bu zaman biz ehtiyat oyunçuları heyətə qoşacağıq. Turnir ərzində dəyişiklik şansımız olmayacağına görə hər şeyi yaxşıca götür-qoy etməliyik”.
İngiltərə və Türkiyə yığma komandaları indiyə kimi 10 dəfə üz-üzə gəliblər. Bu oyunların 8-də ingilislər qələbə qazanıb. 2 oyun isə heç-heçə başa çatıb. İngilislərin 31 qoluna qarşılıq türklər heç 1 qol da vura bilməyiblər. Xatırladaq ki, oyun bazar günü saat 20:15-də baş tutacaq və Türkiyənin ATV kanalı tərəfindən canlı yayımlanacaq.