Romen Qrojan: "Ən yaxın dostlarımdan biri Bakıda yaşayır"

16:15 23 May 2016

“Haas-F1” komandasının üzvü Romen Qrojan Bakı Şəhər Halqasının Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibə verib.

Sportarena.az həmin müsahibəni təqdim edir:
 
 
- Bakı Şəhər Halqasının quruluşu haqqında nə düşünürsünüz? Komandanın simulyatorunda onu artıq sınaqdan keçirmisinizmi?
- Simulyatorda bu treki artıq sınaqdan keçirmişəm. Bu trek çox uzun düzlüklərdən, 90 dərəcəlik bucağa malik döngələrdən, daha sonra isə qalaya doğru yaxınlaşan hissədə dar keçiddən ibarətdi. Yarışı səbirsizliklə gözləyirəm. Trek, həqiqətən də, çox mənzərəli görünür.

- Bakı və Azərbaycan haqqında hansı məlumatlara maliksiz?
- Təkcə onu bilirəm ki, ən yaxın dostlarımdan birinin - baş aşpaz Akranın Bakıda “Atelier Vivanda” adlı restoranı var.  Biz yarış keçirilən həftəsonu ərzində mütləq steykin dadına baxacağıq.

- Builki mövsümdə öz iştirakınız barədə nə deyə bilərsiniz?
- Mövsümün başlanğıcı kifayət qədər maraqlı oldu. Avstraliya və Bəhreyn yarışlarından sonra müəyyən çətinliklərlə üzləşdik, lakin buna baxmayaraq, biz öyrənməyə və inkişaf etməyə davam edirik. Komandamızda hər kəs böyük əzmlə çalışır, ona görə də qarşıdakı yarışlarda daha yaxşı göstəricilərə nail olacağımızdan əminəm.

- Yeni ölkəyə və ya yeni trekə gəldikdən sonra ilk olaraq nə edirsiniz?
- Əslində, yeni ölkəyə yarışa gəlmək hər zaman çətindi, çünki hava limanına çatdıqdan sonra dərhal otelə, daha sonra isə, bir qayda olaraq, birbaşa trekə yollanırıq. Həftənin cümə axşamı media üçün tədbir, cümədən bazar gününədək trekdə sessiyalar nəzərdə tutulduğu üçün ətrafla tanış olmaq imkanımız olmur. Ümid edirəm ki, qrafikimiz sıx olsa da, Bakını gəzməyə vaxt tapacam.

- Əgər 1 “Formula-1” maşını, 1 komanda yoldaşı və erası seçməli olsanız, hansıları seçərdiniz?
- Mən “Formula-1” erasının 1990-cı illərin ortasında olan mövsümlərini daha çox xoşlayıram. Həmin dövrün Uilliams bolidləri ən çox sevdiyim maşınlar idi. Komanda yoldaşına gəldiksə isə, yəqin ki, Jül Byankini seçərdim.

- Yarışsız həyatınızı necə təsəvvür edirsiniz?
- Yarışlar olmasa, yəqin ki, aerodinamika mühəndisi olardım.

- Bu il ərzində oxuduğunuz son kitab hansı olub?
- Mütaliə etdiyim sonuncu kitab Aki Hintsanın “Qələbənin Anatomiyası”dı.

- İlk “üçlük”də olan ən son musiqi albomlarının adını çəkə bilərsinizmi?
- Mənim aldığım son musiqi albomları Lukas Qraham və Castin Biberin diskləridi.

- Baxmaq istədiyiniz film hansıdı?
- Səfərdə olarkən, adətən, təyyarədə bir çox filmləri izləyirəm, odu ki, adlarını çəksəm, siyahı uzun olar.

- Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz?
- Mən ilk dəfə Bakıya səfər edəcəyimə və bu ölkə ilə tanış olacağıma görə çox şadam. Belə fərqli quruluşa malik bir trekdə yaxşı çıxış etdirəcəyimə ümid bəsləyirəm.


Digər xəbərlər

Xəbər xətti