Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirilir. Yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Üçüncü yarış günü artıq başa çatıb. Son olaraq yaşı 65-69 arası (M65 qrupu) olan kişilər körpücük üzərinə çıxıblar. Bu qrupda “Zirvə” Beynəlxalq İdman Klubunun iki atleti çıxış edib. 85 kq çəki dərəcəsində “Ankara-Zirvə” nümayəndəsi Salih Suvar qələbə qazanıb. O, möhtəşəm yarışaraq həm təkanla qaldırma, həm də toplamda dünya və Avropa rekordunu yeniləyib.
94 kq-da isə “Abşeron-Zirvə” atleti Vladimir Jilyayev çempionluq qazanıb. Mükafatlandırma mərasimində tribunlara toplaşanların gurultulu alqışları milli ruhun yüksəldən görüntülərə səbəb olub. Azərbaycanlı və türk atlet birlikdə bayraq qaldırıblar. Jilyayevin sevincdən gözünün yaşarması isə xüsusi qeyd olunacaq məqamdır. 68 yaşlı atletimiz ən xoş sözlərə layiq olduğunu göstərib.