Bakı Gimnastika Məktəbinin yetirməsi Dəniz Həşimova Macarıstanda keçirilən bədii gimnastika üzrə “X.PÉCS CUP-2016” beynəlxalq turnirində gümüş medal qazanıb.
Sportarena.az xəbər verir ki, Lauber Derso Arenasında təşkil olunan yarışda gimnastlar üç yaş qrupu üzrə mübarizə aparıblar. “Pecsi” idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda D.Həşimova “A” kateqoriyasında çoxnövçülük yarışlarında fəxri kürsünün ikinci pilləsində yer alıb. Altı yaşlı gimnastımız qrup yarışlarında da fərqlənərək ikinci yerə sahib olub.
Samirə Səlimzadənin yetirməsi balaca Dəniz yaxın vaxtlarda Fransa, Türkiyə və Gürcüstanda beynəlxalq turnirlərdə çıxış edəcək.
Xatırladaq ki, D.Həşimova martın sonlarında Serbiyada bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) beşinci “Trophy of Novi Sad–2016” beynəlxalq turnirində çoxnövçülük yarışlarının qalibi olmuşdu.