Azərbaycan kubokunun final oyunu çərçivəsində sabah keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu öncəsi "ağ qaralar"ın baş məşqçisi Vəli Qasımovun iştirakı ilə brifinq təşkil olunub. "Neftçi” PFK-nın İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutan tədbirdə V.Qasımov fikirlərini bildirib:
"Bizi çətin oyun gözləyir. "Qarabağ” bu gün Azərbaycanın ən yaxşı komandasıdır, amma bizim də perspektivli, gələcəyi olan oyunçularımız var. Komandamız son oyunları stabil keçirir. Favorit "Qarabağ” olsa da, final bir oyundan ibarətdir. İnanıram ki, futbolçularımız sabah gözəl oyun nümayiş etdirəcəklər. "Qarabağ”a qarşı xüsusi plan hazırlamışam, səhvlər etməsək, qalib gələcəyik. Mövsümü medalsız başa vursaq, bu, bizim üçün fiasko sayılmamalıdır. Futbolçu kimi SSRİ kubokunu qazanmışam, istərdim məşqçi kimi də kubokun qalibi olum”.
Brifinqdən sonra təlim-məşq bazasının meydançasında komandamızın oyunöncəsi son məşqi baş tutub. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olub.