Bu gün futbol üzrə Türkiyə Kubokunun qalibi müəyyənləşəcək. Həlledici görüşdə “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gələcək.
“Sarı-qırmızılar” bugünədək 21 dəfə kubokun finalında qüvvəsini sınayıb və bu qarşılaşmaların 16-da qalib gəlib. “Fənərbağça” isə 14 dəfə finalda iştirak hüququ qazanıb və aktivində 6 qələbə var. Cütlük kubok tarixində 4 dəfə finalda qarşılaşıb. Bu qarşılaşmaların 1-i tək, 3-ü isə cüt oyunlar (ev və səfər) olub. Bu görüşlərdən 5-i “Qalatasaray”ın qələbəsi, 2-si isə bərabərliklə başa çatıb və “Fənərbağça” kubokun finalında əzəli rəqibini məğlub edə bilməyib.
“Fənərbağça” Super Liqada cari mövsümü 74 xalla 2-ci pillədə başa vurmaqla avrokuboklarda iştirak haqqı qazanıb. “Qalatasaray” isə UEFA tərəfindən verilən avrokuboklarda iştirak etməmə cəzasının ləğvi üçün mütləq kuboka sahib çıxmalıdır.
Antalya Stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:15-də səslənəcək və Türkiyənin ATV kanalı vasitəsilə yayımlanacaq. Oyunun baş hakimi Mete Kalvakan olacaq.