“Hazırda komandanın baş məşqçisi Şahin Diniyev ölkə xaricindədir və bir neçə günə gələcək. O gəldikdən sonra transferlə bağlı məsələlərə, kimlərin gedib-qalmasına aydınlıq gələcək”. Bunu “Kəpəz” klubunun icraçı direktoru Mehman Allahverdiyev deyib.
Gəncə təmsilçisinin yay planlarından danışan M.Allahverdiyev təlim-məşq toplanışı üçün Türkiyəyə üz tutacaqlarını bildirib: “Toplanışın ilk mərhələsi Bakıda olacaq. Bundan sonra Türkiyəyə üz tutacağıq. Təbii ki, bunları Şahin müəllim dəqiqləşdirəcək. Həm Antaliya, həm də Ərzurumda toplanış keçmək planı var. Bu baş məşqçimizin seçimindən asılıdır”.
M.Allahverdiyev Avropa Liqasında çıxış edəcək komandanın büdcəsinin artırılma ehtimalının olduğunu söyləyib: “Ola bilsin ki, büdcə artırılsın. Planımızda daha səviyyəli futbolçu gətirmək də var. Yenə qeyd etmək istəyirəm ki, bu, Şahin müəllimdən asılı olan məsələdir”.
Klub rəsmisi avrokubok oyunlarını Bakının Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçirəcəklərindən azarkeşlər haqda da planları olduqlarını açıqlayıb: “Gəncə stadionunda azarkeşlərimiz komandaya böyük dəstək nümayiş etdirib. Onlarla bağlı düşündüklərimiz var. Gəncə azarkeşlərini “Dalğa Arena”ya gətirmək üçün nəqliyyat ayırmaq variantı var. İstərdik ki, azarkeşlərimiz hər yerdə bizə dəstək olsunlar. Onlar üçün ən yaxşısını düşünürük”.(report.az)