Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib.
Sportarena.az xəbər verir ki, mötəbər turnirin ilk günüdə Azərbaycan millisinin iki üzvü tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yarışa 1/4 final mərhələsindən, türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən Səfərov adını finala yazdırıb. Həlledici görüşdə daha bir Fransa təmsilçisi – Vinsent Limare ilə qarşılaşıb. Final görüşündə inamla mübarizə aparan Orxan Səfərov rəqibini məğlub edərək qızıl medala sahib olub.
66 kq çəki dərəcində mübarizə aparan digər təmsilçimiz Nicat Şıxəlizadə mübarizəyə italiyalı Fabio Basileni məğlub edərək başlayıb. Lakin 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millimizin aktivinə ikinci medalı yazdırıb.
Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.