Azərbaycan növbəti möhtəşəm turnirə ev sahibliyi edəcək

17:55 31 May 2016

İyulun 22-24-də bədii gimnastika üzrə FİG (Beynəlxalq Gimnastika Federasiyası) dünya kubokunun finalı Azərbaycanın paytaxtında keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Bakı tamaşaçısı ilin əsas hadisəsi – “Rio-2016” Olimpiya Oyunlarından iki həftə əvvəl dünyanın 22 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün imkan əldə edəcək.

 

Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

 

Bu il dünya kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

 

Azərbaycan idmançılarına gəldikdə isə yarışlarda İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoymuş Avropa çempionatının gənclər arasında gümüş medalının sahibi Jalə Piriyeva iştirak edəcəklər. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep Azərbaycanı qrup hərəkətləri komandalarının yarışlarında təmsil edəcəklər.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti