Olimpiadaya vəsiqə qazanan cüdoçularımız məlum oldu

22:31 31 May 2016

Olimpiada lisenziya xalları qazandıran cüdo yarışları başa çatıb. Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların adlarını açıqlayıb. Gözlənildiyi kimi, Rio-2016-da ölkəmizi 6 cüdoçu təmsil edəcək. Bunlardan dördünün kimliyi məlumdur. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) Olimpiadada iştirak edəcək. Ancaq hələ 60 və 100 kq-da seçim edilməyib. 60 kq-da Orxan Səfərov və ya İlqar Müşkiyev, 100 kq-da isə Elmar Qasımov, ya da Elxan Məmmədov Olimpiya Oyunlarında yarışacaq. Böyük ehtimalla, məşqçilər korpusu ən yüngül çəkidə Səfərova üstünlük verəcək. Ancaq 100 kq-da seçimin kimin lehinə olacağını söyləmək çətindir. Yeganə dünya çempionumuz Məmmədov mayın ortalarında Qazaxıstanda keçirilən "Qran-pri"nin, Qasımov isə Meksikada yenicə başa çatmış "World Masters" turnirinin qalibi olub. Düzdür, Bakı-2015-də bayraqdarımız olmuş Elmar reytinqdə öndədir. Amma məşqçilər Elxanın təcrübəsi və onun üçün sonuncu Olimpiada olacağını da nəzərə alıb, Məmmədovun xeyrinə seçim edə bilər.Qeyd edək ki, lisenziyalarımızın sayı 53-ə çatıb. Bu, London Olimpiadasındakı rekordumuzun təkrarıdır.


Digər xəbərlər

Xəbər xətti