Ayaqları olmadan marafon yarışında iştirak etdi. Qəribə hadisə Kanadada baş verib. Fiziki qüsurlu olmasına baxmayaraq Kalqari şəhərində təşkil olunan eyni adlı marafonda iştirak edən Kris Koh finiş xəttinə çata bilib.
Anadangəlmə ayaqları və qolları olmayan Kris 52-ci dəfə təşkil olunan marafonda öz skeytbordu ilə mübarizə aparıb. Ehtimalları alt-üst edərək yarışı sonadək davam etdirən kanadalı 42 kilometrlik məsafəni 4 saat 28 dəqiqə ərzində başa vurub.
Əlləri və ayaqları olmayan sakin marafonda xeyriyyə məqsədi ilə iştirak edib. Onun qazandığı pullar Zambiyada vətəndaşların içməli su ilə təmin olunmasına xərclənəcək.
Qeyd edək ki, Kalqari marafonunda 10 mindən çox insan iştirak edib. Bu yarışda toplanan 750 min dollardan çox vəsait də xeyriyyə məqsədi ilə sərf olunacaq.