"Azəryol" bəyənat yaydı

21:33 1 İyun 2016

Ötən mövsüm CEV kubokunun yarımfinalına yüksələn “Azəryol”un 2016/17 mövsümündə avrokuboklarda iştirak etməməsi birmənalı qarşılanmadı.

 

Sportarena.az xəbər verir ki, buna görə tənqidlərlə üzləşən klub bəyanat yayıb:


“Son vaxtlar klubumuz haqqında bir çox yazılar yazıldı. Qısa da olsa, bu yazılara aydınlıq gətirmək istərdik. İlk olaraq onu qeyd edək ki, bu gün “Azəryol” voleybol klubunun maliyyə problemlərinə görə heç bir borcu yoxdur. CEV kubokunda 3-cü olmuş komandamızın 2016/17 mövsümündə avro kuboklarda iştirakdan imtina etməsinin müəyyən səbəbləri var. Artıq neçə illərdir ki, bir çox komandalarımızın heyətlərində əsas yeri legionerlər tutur. Dünyaca tanınmış voleybolçuların yerli klublarda çıxış etməsi çox sevindirici haldır. Buna baxmayaraq həmin idmançılar mövsüm və ya klubla müqavilələri bitdikdən sonra öz vətənlərinə dönürlər. Bir sözlə desək, legioner voleybolçular milli komandamıza heç bir köməklik etmir. Hər zaman klublarla keçirilən iclaslarda da Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse prezidenti Faiq Qarayev komandalarımızda yerli voleybolçulara üstünlük verilməsini qeyd edirdi. Biz də “Azəryol” voleybol klubu olaraq AVF-in yanında olmağa çalışmışıq və bundan sonra da voleybolumuz üçün əlimizdən gələni edəcəyik. Artıq neçə illərdir ki, voleybol Azərbaycanda ən populyar idman növüdür. Biz də voleybol ailəsinin bir üzvüyük və beynəlxalq yarışlarda - Avropa, dünya çempionatlarında bayrağımızı yüksəklərə qaldıran milli komandamız üçün 3 illik bir layihəyə start verdik. Bu layihədə gənc oyunçuların oyun təcrübəsini artıraraq milli komandamıza layiqincə hazırlaşması üçün müəyyən işlər görəcəyik. Bu mövsümdən etibarən komandamızın əsas heyətində milli oyunçularımızın gözəl oyununa şahid olacaqsınız. 3 illik layihənin əsas məqsədi yerli, gənc və perspektivli idmançıların inkişafı üçün lazımı şəraitin yaradılması və bu voleybolçuların əsas heyətdə çıxış edərək oyun təcrübələrinin artırılmasıdır ki, gələcəkdə milli komandamızın əsas heyətində yer ala bilsinlər. Qarşıdakı illərdə isə yenidən “Azəryol” avrokuboklarda iştirak edəcək.


Qeyd edək ki, yaxın zamanda mətbuat konfransı keçirilərək media nümayəndələrini maraqlandıran bütün suallara aydınlıq gətiriləcək”.


Digər xəbərlər

Xəbər xətti