Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 turnirinin VII turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Rəcəbov mətbuat konfransında fransız müdafiəsindən istifadə etdiyini söyləyib:
"Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq. Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi".
Teymur Rəcəbov ShamkirChess2016 turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: "Əlbəttə, altı heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra altı heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik".
Rusiya şahmatçısı Sergey Karyakin isə 7 turdan sonra çıxışını məqbul saydığını dedi: "Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək".