İyunun 4-də Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur “M-1 Challenge 67” “Odlar Yurdunda döyüş” adı altında turnir keçirilib.
Sportarena.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən idmançıların iştirakı ilə 10 döyüş baş tutub.
Turnirdə Azərbaycanı üç idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir. “Baku Fight” klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb. Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raunddunda rəqibindən güclü olub və “M-1 Challenge 67” yarışı qazanıb.
Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində “M-1” yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.