İyunun 4-də Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur "M-1 Challenge 67" "Odlar Yurdunda döyüş" adı altında turnir keçirilib.
Sportarena.az xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkədən olan idmançıların iştirakı ilə 10 döyüş baş tutub.
Turnirdə Azərbaycanı üç idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir. "Baku Fighter" klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb. Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raunddunda rəqibindən güclü olub .
Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində "M-1" yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.
Orta çəkidə "M-1" üzrə dünya çempionluğu uğrunda ilk titul döyüşündə slovakiyalı İvan Buxinger (Slovakiya) rusiyalı rəqibi Mixail Korobkova ilk raundda qalıb gəlib. Vadim Malygin (Rusiya) - İbrahim Novruzov (Gürcüstan) görüşü hakimlərin qərarı ilə heç-heçə yekunlaşıb.
"M-1 Challenge" üzrə dünya çempionluğu uğrunda yüngül çəkidə Aleksandr Butenko (Ukrayna) beş raunddun nəticəsi olaraq Artyom Damkovskidən (Belarus) üstün olub. O öz çəki dərəcəsi üzrə çempionluq kəmərinə layiq görülüb. Turnirin digər görüşdə Azamat Zantuduev (Qırğızıstan) Bair Ştepinə (Qazaxıstan), Yevgeni Myakinkin (Rusiya) Yevgeni Guryanova (Ukrayna), Zalimbeq Omarov (Ukrayna) Mixail Sırbura (Moldova), Şavkat Raxmanov (Qazaxıstan) nokautla Marselo Britoya (Braziliya) qalib gəlib.
Dünyanın 150 ölkəsində canlı yayımlanan turnirdə fəxri qonaq qismində Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) və M-1 Global-ın prezidenti Vadim Finkelşteyn də iştirak edib.