"Kəpəz" Azərbaycan futbolundakı hegemonluğunu özünə qaytaracaq"

23:52 7 İyun 2016

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun klubun rəsmi saytına müsahibəsi. 


- Azər müəllim, söhbətimizə rəhbərlik etdiyiniz komandanın çıxışını dəyərləndirməklə başlamağınızı xahiş edirəm.  
 - Əvəzedici olaraq bizim əsas məqsədimiz çempionatda yer tutmaq deyil, əsas komandaya futbolçu verməkdir. Rəhbərliyə də minnətdaram ki, mövsümün əvvəlində bizə mükafatçı olmağı şərt qoymadı. Bildirildi ki, biz “Kəpəz” üçün futbolçu yetişdirməli, komandaya oyunçu qazandırmalıyıq. Çempionatın ilk yarısında əsas komandaya Əli Səmədovu verdik. Yəqin ki, indi yenə əvəzedicilərdən əsas heyətə futbolçu dəvət olunacaq. Bu, bizim uğurumuz olar.
- İstərdim komandanın turnir cədvəlində tutduğu mövqeyə uyğun çıxışınızı qiymətləndirəsiz.
- Yeni yaranan komanda kimi ilk mövsümdə 6-cı yeri tutduq. Gəncədə böyük futbolun olmadığı dövrdə əvəzedici heyəti qurduq. Komandanı yaradanda da yalnız şəhərimizin yetirmələrindən bəhrələnməli idik. Uşaq tapmaq çox çətin idi. Razıyam ki, “Kəpəz”in elitaya çıxmasından sonra kluba uşaq axını başlayıb. Aşağı yaş qrupları üzrə komandalara xeyli futbolçu cəlb olunur. Bu, yaxşı haldır, tez-gec özünü göstərəcək. Amma yaşı bizim komandaya uyğun oyunçu tapmaq müşkül məsələdir. Ötən mövsümün əvvəlində heyətə qatdığımız 17 futbolçu ilə demək olar ki, çempionatı keçirdik. 36 görüş oynadıq, uşaqlar nə bacarırdılarsa, meydanda elədilər. İlk il üçün 6-cı yer pis nəticə deyil. İlk 3 dövrədən sonra məşqçilər korpusu olaraq komandanın mövsümü 2-ci və ya 3-cü yerdə başa vuracağını planlaşdırırdıq. Təəssüflər olsun ki, son dövrədə yaxşı çıxış edə bilmədik. 27 maksimum xaldan 6 xal topladıq. Heyətimizin kasad olması son nəticəyə təsir etdi. 
- 6-cı yer əvəzedici komandanın real gücünü əks etdirən pillədir?
- Xeyr, belə deyil. Mən komandanın oyununa, nəyə qadir olduğuna  bələdəm. Biz oyundan-oyuna artırırdıq. Onu da deyim ki, son matçları çıxmaq şərti ilə biz əksər oyunlarımızı səfərdə keçirdik. Bildiyiniz kimi, stadion problemi ilə bağlı ev oyunlarımızı Yevlaxda oynayırdıq. Bu da hardasa çıxışımıza təsir göstərdi. Bu yerdə “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “İnter” və “Qarabağ” kimi komandaların əvəzedici heyətlərinin artıq neçə ildir ki, fəaliyyət göstərməsini də nəzərə almalıyıq. Çempionatın son dövrəsində istədiyimiz heyəti də meydana buraxa bilmirdik. Zədə və ya cəza səbəbindən kimlərsə kənarda qalırdı. Zəif çıxışımızı yalnız problemlərin üzərinə atmaq da düzgün deyil. Məşqçilər korpusu və futbolçu heyətinin də bunda günahı var.
- Nəticəni bir kənara qoyaq. Uşaqlara istədiyiniz oyun fəlsəfəsini aşılaya bildiz?
- Əsas komanda necə oynayırsa, əvəzedicilər də həmin futbolu oynamağa borcludur. Çünki “dubl”dan yuxarı gedən oyunçu orada çətinliklə üzləşməməlidir. Eyni oyun sxeminin olması hamı üçün rahat olar. Biz də Şahin Diniyevin oyun üslübuna uyğun futbolu uşaqlara aşılamağa çalışırdıq. Düzdü, özümüzün də oyuna əlavələrimiz olurdu. Son dövrədə xal az yığsaq da, komandanın biz istədiyimiz oyunu göstərməyə çalışması sevindirici oldu.
- Mövsümün gedişində Əli Səmədovla yanaşı, əvəzedicilərdən digər futbolçular, o cümlədən Sahib Abbasov və Elcan Rəhimov da  əsas komandaya dəvət aldı. Bu haqda nə deyə bilərsiz?
 - Hər şey futbolçunun özündən asılıdır. O, özünü necə göstərəcəksə, məşqçi də ona uyğun hərəkət edəcək. Şahin müəllim bizim oyunların əksəriyyətinə baxırdı və seçimini edirdi.Siz adlarını çəkdiyiniz oyunçulardan əlavə başqa namizədlər də vardı. Onların hamısı əsas komandanın baş məşqçisinin diqqətində idi. Mən həmişə yetirmələrimə məşqlərə ciddi yanaşmalarını, yaxşı oynamalarını tövsiyyə edirəm və bunun da nəticəsində əsas komandaya düşə biləcəklərini deyirəm.  
- Düşünürəm ki, artıq yeni mövsümün planlarını cızmağa başlamısız.
- Bəli, bu haqda Şahin müəllimlə də söhbətimiz olub. Hazırlıq planını birgə müzakirə etmişik. İyunun 24-də kimi məşqlərə start verməyi planlaşdırmışıq. Seleksiya məşqlərindən sonra heyəti komplektləşdirib çempionata hazırlığa başlayacaq. Əsas məşqlərimiz Gəncədə olacaq. Ola bilsin ki, yoxlama oyunları üçün kənara çıxaq.
- Son olaraq “Kəpəz”in sabiq kapitanı kimi əsas komandanın çıxışına qiymət verərdiz.
- Əvəzedicilərlə bağlı dediyim oyunçu qıtlığı əsas komandada özünü göstərdi. Eyni heyət bütün çempionatı oynadı. Çətinliklərə baxmayaraq komanda çempionatda layiqincə çıxış etdi. Ən əsası Avropa Liqasına vəsiqə qazanıldı. Hətta mükafatçılar sırasına düşməyə də imkan yaranmışdı. Gəncə futbol şəhəridir, burda potensial var. Bu cür davam etsək, “Kəpəz” Azərbaycan futbolundakı hegemonluğunu özünə qaytaracaq. 

 


Digər xəbərlər

Xəbər xətti