Braziliyalı məşhur futbolçu Pele karyerası ərzində qazandığı medal və mükafat kolleksiyasını Londonda keçiriləcək hərracda satmağa hazırlaşır.
Məşhur futbolçunun satışa çıxardığı əşyalar və mükafatlar arasında dünya çempionatlarının 3 medalı, futbol çəkmələri, 1000-ci qolunu vurduğu top, həmçinin Jül Rime Kubokunun surəti də var.
1970-ci ildə keçirilən dünya çempionatının kubokunun surəti “Julien's Auctions” kompaniyasının təşkil etdiyi hərracın ən bahalı lotu ola bilər. Onun ilkin qiymətinin 600-800 min dollar təşkil edəcəyi bildirilir.
Satışlardan əldə olunan gəlirin ümumi həcminin 7 milyon dollardan artıq olacağı gözlənilir.
75 yaşlı futbolçu 60 illik karyerası ərzində topladığı mükafatların satışından əldə etdiyi gəlirin bir hissəsini xeyriyyəçiliyə, o cümlədən Braziliyadakı uşaq bağçalarına xərcləyəcəyini deyib.
Qeyd edək ki, Pele FİFA-nın versiyasına görə, XX əsrin ən yaxşı futbolçusu, Beynəlxalq Olimpiya Komitəsinin versiyasına görə isə XX əsrin ən yaxşı idmançısı adına layiq görülüb. O, üç dəfə dünya çempionu olan yeganə futbolçudur. //AzərTac