Futbol üzrə Respublika birinciliyi başa çatıb

12:12 8 İyun 2016

Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Yarışın final oyunu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları arasında keçirilib. ADBTİA 9:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri Bakı Dövlət Universitetinin, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub.

Komandaların mükafatlandırılması mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Futzal Futbol Federasiyasının nümayəndələri və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yarışın keçirilməsinin məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında yarış, turnir və çempionatların mütəmadi təşkil olunduğunu söyləyib.

Sonra qalib komandalara kubok, medal və pul mükafatları verilib. Həmçinin əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar yeddi nominasiya üzrə qiymətləndiriliblər.

Respublika birinciliyində 40-dək komanda, 800 tələbə iştirak edib.


Digər xəbərlər

Xəbər xətti