Çarli Vaytinq Bakı şəhər halqasının yarışa hazırlıq səviyyəsini yüksək qiymətləndirib

21:09 8 İyun 2016

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfəri çərçivəsində “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi Bakı şəhər halqasında hazırlıq işlərinin gedişi ilə tanış olub.

Ç.Vaytinqin və onun komandasının ötən ay keçirdiyi yoxlamadan cəmi bir neçə həftə sonra baş tutan sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların Qran-pri üçün hazırlıq səviyyəsi bir daha qiymətləndirilib.

Hərtərəfli təftiş işlərindən sonra jurnalistlərin suallarını cavablandıran Ç.Vaytinq artıq son tamamlanma işlərinin görüldüyü şəhər trekindən böyük məmnunluğunu ifadə edərək deyib: “Sonuncu səfərimdən sonra hazırlıq işlərinin səviyyəsi məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, burada keçiriləcək yarışı izləməyi həyəcanla gözləyirəm”.

Qeyd edək ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Formula-1” Avropa Qran-prisinin təşkili ilə bağlı hazırlıq işlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub. Son tamamlama işlərinin iyunun 16-dan əvvəl başa çatdırılması nəzərdə tutulur.

Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən FİA, “Formula-1” rəhbərliyi, Bakı şəhər halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Həmin binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son mərhələsi həyata keçirilir.

Bakı şəhər halqasının asfalt örtüyü artıq hazırdır. Belə ki, son asfalt örtüyünün çəkilməsi də yekunlaşıb. Trekin ətrafındakı təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinin 95 faizi başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətini təmin etmək üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerlərinin quraşdırılması qarşıdakı günlərdə həyata keçiriləcək. Eyni zamanda, iyunun 14-dən 16-dək Bakı şəhər halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanacaq. Bundan sonra son hazırlıq işləri, o cümlədən təhlükəsiz baryerlərinin quraşdırılmasının başa çatdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək. Bakı şəhər halqası ətrafında quraşdırılacaq bütün tribunaların tikintisinin bu həftə yekunlaşması nəzərdə tutulub. Bundan başqa, “Formula-1” şəhərciyinin yerləşəcəyi Dənizkənarı bulvarda da hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir (Bakı şəhər halqasının üçölçülü görüntüsünü https://www.youtube.com/watch?v=2WVGFfE-0fc linki vasitəsilə izləmək mümkündür).

Xatırladaq ki, azərbaycanlı Gülhüseyn Abdullayev Bakı şəhər halqasında sınaq yürüşünə çıxan ilk pilot olub. Keçirdiyi yarışlarda ümidverici nəticələr əldə edən “Formula-3” pilotu və 2016-cı il “Formula-1” Avropa Qran-prisinin rəsmi elçisi seçilmiş Gülhüseyn Abdullayev GP3 bolidində ən yeni şəhər treki olan Bakı şəhər halqasında dörd dövrə vuraraq bu trekdə sınaq yürüşünə çıxmış ilk pilot kimi tarixə düşüb. On doqquz yaşlı istedadlı pilot Bakı şəhər halqasında çoxlu sayda azarkeş qarşısında ilk sınaq yürüşünü yekunlaşdırdıqdan sonra təəssüratlarını jurnalistlərlə bölüşərkən demişdi:

“Bakı şəhər halqasının qeyri-adi quruluşu var. Qoşa Qala qapısının qarşısından keçən 8-10-cu döngələr xüsusilə böyük maraq oyadır. Bu döngələrdə yarışmaq heç də asan olmayacaq. Əminəm ki, qarşıdakı yarışda biz həyəcanlı anların şahidi olacağıq. Sınaq yürüşü zamanı trekdə digər nəqliyyat vasitələri olmadığı üçün bu, mənə çətinlik törətmədi. Lakin yarışlar zamanı pilotlar əsl sınaqla üzləşəcəklər. Uşaq yaşlarımdan Azərbaycanda belə bir trekin olmasını, şəhər treki və yaxud daimi trekdə yarış avtomobili sürməyi arzulamışam. Bu gün mənim arzum həyata keçdi. Buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, Gülhüseyn Abdullayevin Bakı şəhər halqasında keçirdiyi sınaq yürüşünü aşağıdakı keçiddən izləmək olar: https://www.youtube.com/watch?v=EQgAET0KczI 


Digər xəbərlər

Xəbər xətti