Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ölkəsinin yığmasının AVRO-2016-nın qrup mərhələsindəki rəqibləri və çempionatda favorit gördüyü yığmalar haqda danışıb. Xorvatiyalı mütəxəssis "Nove TV"yə açıqlamasında bunları deyib:
"Fatih Terim istənilən komandada uğur qazana biləcəyini Türkiyə yığması ilə bir daha göstərdi. Ancaq Xorvatiyanın keyfiyyətli oyunla Türkiyəyə qalib gələcəyinə heç bir şübhə yoxdu. Bu qələbə çempionatdakı işimizi asanlaşdıra bilər.
Çexiya yaxşı komanda təsiri bağışlayır, İspaniya isə favoritdi. İspanların baş məşqçisi Visente del Boskenin böyük təcrübəsi var. Onun Fernando Torres və Xuan Mata kimi futbolçuları yığmaya çağırmaması kimlərisə təəccübləndirə bilər. Lakin İspaniya turnirin əsas favoritlərindən biridi.
Eyni zamanda Almaniyanı da qeyd etmək olar. Onlar hər zaman yaxşı oyun sərgiləyirlər. Fransa meydan sahibidi və hazırda onların yüksəlişdə olduğu söylənilir. İngiltərəni də favoritlər sırasında görürəm. Onların heyətində gənc futbolçuların çıxışı xoşuma gəlir".