“Bu yaxınlarda Leyla Şıxlinskayanın Klinikasının yanından keçirdik. Nəvəm Mədinə uzaqdakı dəmir barmaqlıqları göstərib soruşdu ki, nənə atam ordadır? Deyirəm, yox, bala, onu hardan çıxarırsan? Deyir, atam da orda olur axı...”
Bir neçə gün öncə “Qəbələ” futbol klubunun eks-kapitanı Cavid Hüseynova oxunan hökm həm sosial şəbəkələrdə, həm də mediada birmənalı qarşılanmadı. Verilmiş 4 il həbs qərarını haqsız hesab edib futbolçuya dəstək aksiyalarına başlayanlar da var, onu jurnalistin ölümündə günahlandırıb cəzasının az olduğunu söyləyənlər də.
Elə bu məqamda Cavid Hüseynovun ailəsi ilə söhbətləşmək üçün Mehdiabada yola düşüb. Bizə deyilən ünvana çatanda ətrafdakı evlərə nəzər salıb təzə və gözəl bir villanın qapısında dayandıq.
Ancaq bizi qarşılamağa başqa qapıdan çıxan Cavid Hüseynovun dayısı Namiq bəy zarafatla bizi səslədi:
“Başa düşürəm, futbolçudur deyə ən qəşəng evin qabağında durmusuz, ancaq o deyil, bir az da irəli gəlməli olacaqsız”.
Nə yalan deyək, dayı fikirlərimizi anlamışdı. Həyətə daxil olanda da maşına diqqətlə baxdığımızı görüb “bu da sahibini gözləyir, qalıb burda, Cavidin maşınıdır” dedi.
Evdə isə bizi futbolçunun anası Xalidə xanım, həyat yoldaşı Səidə xanım və dünya gözəli qızı Mədinə qarşıladı. Adətən balacalar yad adam görəndə onlardan qaçsa da, Mədinə biz içəri girən kimi qucağımıza elə qaçdı ki, illərin tanışı insanı belə qucaqlamır. Xalidə xanım balacanın evdə çox darıxdığını, qonaq görüb sevindiyini söylədi:
“Atasını çox sevir, indi onu gec-gec görür deyə gələn qonaqlarla başını qatmaq istəyir”.
Mədinəyə atasının işdə olduğu deyilsə də, nənəsi bəzən bu balaca canı ilə onun verdiyi suallarına cavab tapa bilmədiklərini deyir: “Ötən gün soruşur ki, bəs filankəsin atası niyə işdə deyil? Niyə mənim atam həmişə işdə olur? Nə cavab verim? Bu yaxınlarda da Leyla Şıxlinskaya klinikasının yanından keçirdik. Uzaqdakı dəmir barmaqlıqları göstərib soruşdu ki, nənə atam ordadır? Deyirəm, yox, bala, onu hardan çıxarırsan? Deyir, atam da orda olur axı...Bir-iki dəfə Cavidin yanına aparmışıq, ordan xatırlayır”.
Hökmü gözləyib gözləmədiyini soruşanda Xalidə xanım bu haqda danışa bilmədiyini, elə o gündən səhhətinin pisləşdiyini söylədi. Bu səbəbdən də Namiq dayı sözə başladı:
“Nə anası, nə də ki, biz məhkəmənin nəticəsinin belə olacağını gözləyirdik. Hökmdən sonra anasının vəziyyəti pisləşib. Cavidin həbsi barədə həm məhkəmədə, həm kənarda çox danışmışıq. Əfsuslar olsun ki, bizi nə anlayan var, nə də ki dinləyən. Gül kimi uşağa qatil, qudurmuş damğaları vurulub. Halbuki onun heç nədən xəbəri olmadığı araşdırmalar zamanı da məlum olub. Əvvəlcə çox sakit yanaşdıq, sözün düzü, məsələnin ciddiyyətini heç özümüz də anlamamışdıq. Fikirləşirdik ki, hər nədisə dəqiq araşdırılacaq, haqq-ədalət öz sözünü deyəcək. Sən demə, bunun arxasında daha böyük işlər var imiş. Ən böyük ədələtsizliyi elə prokuror əvvəldə etdi. Elə orada hər şey quraşdırıldı və iş məhkəməyə göndərildi. Məhkəmədə də belə ədalətsizliklə qarşılaşanda çox böyük şoka düşdük. Hökmdə müəyyən maddələrə əsaslanaraq qərar verildi. Ancaq həmin maddələri yanaşı qoysaq, onların bir-birini yalanladığını görərik”.
Günel: Siz bu hadisədə Cavidi tam günahsız hesab edirsiz?
Namiq dayı: Sualınıza belə cavab verəcəm. Elşəngil ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda günahlandırılır, Cavid isə ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayəti gizlətməkdə. Ehtiyatsızlıqdan yaranmış bir şeyi adam qabaqcadan necə bilə bilər axı? Bunu qoyaq bir kənara. Axı Rasimin dostu da, votsap yazışmaları da Cavidin hadisəni məşq zamanı öyrəndiyini göstərir. Mən başa düşə bilmirəm, prokuror və məhkəmə işçiləri hansı dövlətə, xalqa, cəmiyyətə qulluq edir. Bunlar prezidentin nəzarəti altında olan bir işdə necə bu qədər saxtakarlıq etməyə cürət edə bilərlər? Ölkə başçısı hər məmurun dalınca qaça bilməz, hər şey hüquqi müstəvidə və ədalətlə həll olunmalıdır. Biz demirik, günahı olan şəxslər azadlıqda olsun, biz haqqımız olanı istəyirik. Mən belə nəticəyə gəlirəm ki, Cavid sadəcə nələrinsə qurbanı olub. O son sözündə belə deyib:
“Atam şəhid olanda bizi bu xalqa tapşırıb gedib. Anam bizi tərbiyə edib. O xalqı üçün tankla, silahla nəsə edib, mən də futbol meydanlarında nəsə etməyə çalışıram”.
Cavidin məqsədi şəhid oğlu olduğunu qabartmaq deyil. Sadəcə şəhidlərə hörmət əlaməti olaraq haqlı, ədalətli bir qərar verilməsini istəyir.
Günel: Sizcə, ədalətli qərar necə olmalı idi?
Namiq dayı: Ədalətli qərar ondan ibarət idi ki, ən azı ifadələr, nəzərdə tutulmuş maddələr bir-birinə uyğun olardı. İnanın ki, əgər Cavid günahkar olsa, heç onun görüşünə də getmərik. Biz belə bir ailəyik. Vatsap yazışmalarından da məlum oldu ki, Cavid Rasimlə danışdığını və məsələnin həll olunduğunu deyib. Rasimlə daha sonra görüşəndə də deyib ki, mənim qohumum olduğunu deyən çox adam səni görüşə çağıra bilər, niyə gedirsən? Lap görüşə gediblər, onların məqsədi öldürmək deyildi axı. Heç həkimlər də diaqnoz qoya bilmirdi. Cavid necə hadisənin belə olacağını düşünüb polisə xəbər verə bilərdi?
Cavidin anası: Məhkəmədə şahidlərin yazdığı ifadələr oxunurdu. Biri yazmışdı ki, Cavid vədlər verib, deyib ki, polisə demə. Cavid məhkəməni dayandırdı, həmin adamın gətirilməsini tələb etdi. Növbəti məhkəmədə dedilər, Rusiyadadır. O biri məhkəmədə dedilər, başqa yerdədir, nəisə bizim təkidlərimizlə Rasimin həmin dostu gətirildi. Onun adından yazılan hər şeyi yalanladı. Dedi ki, nə pul söhbəti olub, nə də başqa bir şey. İndi sual yaranır ki, əgər hər şey ədalətlidirsə, bəs bu yalanlar niyə baş verir? Biz də qərar günü rahat getmişdik ki, hər şey məhkəmələrdə öz həllini tapıb, 10 ay haqsız yerə yatıb, indi çıxacaq. Hakim isə həmişəkindən fərqli olaraq elə qapının ağzındaca “4 il” dedi, çıxıb getdi. Məhkəmə araşdırılmaq üçün deyil? Bu qədər araşdırmalardan sonra ədalətsizlik olacaqsa, məhkəməni yuxarıdan idarə edirlərsə, daha bu qanun, konstitusiya nəyə lazımdır?
Günel: Elşənlə məhkəmələrdə qarşılaşmısız, yəqin. Ona nəsə demisiz?
Anası: Ağlayır, o da orda özünü öldürür. Elşən Cavidin məhkəməsinə gətiriləndə dedi ki, döymək məqsədi ilə getməyiblər. Rasimdən soruşub ki, niyə yazmısan, o da deyib, əcəb edib yazmışam. Bu sözdən sonra vurub. Düzdür, qohumuq nə düşmənliyimiz var, nə bir şey. Amma Elşəni böyük oğlum son 22 ildə cəmi 2 dəfə görüb. Bu günə kimi elə bir əlaqəmiz də olmayıb. Cavidi də heç tanımırlar, ekranlardan görüblər sadəcə.
Günel: Ötən gün sosial şəbəkələrdə belə bir şey qarşımıza çıxdı. Yoldaşınız şəhid olan zaman sizə ev verilib, qohumlarınız əlinizdən alıb. 3 övladınızı özünüz tək böyütmüz...
Anası: Bax, onu da yarı doğru, yarı yalan danışırlar. Düzdür, 1993-cü ildən 3 övladımı tək böyütmüşəm. Müdafiə Nazirliyindən bizə ev verildi və oranı əlimizdən alan olmayıb. Yataqxanadan sonra Günəşlidə verilən evə köçüb orada yaşamışıq. 7 il boyunca mən də Cavidlə birlikdə meydançalarda olmuşam. Tanımırdı, yanında gedirdim. Müəllimləri deyirdi, sənə ehtiyac yoxdur, özü gələcək. Yenə də ürəyim dözmürdü. Nə məktəbdə, nə başqa bir yerdə övladlarım, onların tərbiyəsi haqqında bir pis söz deyən olub, indi oğlumu xuliqan adlandırırlar. Mən onlara elə tərbiyə verməmişəm. Həm onlar, həm də mən nə əziyyətlər çəkmişik. Ayağım qarın, soyuğun içində qaça-qaça böyütmüşəm onları. Deyirdilər ki, özünə az əziyyət ver. Belə bir xüsusiyyətim var ki, acından ölsəm də, ən yaxın qohumuma belə ağız açmaram. İstədiyim kimi də böyüdülər. Oğlumun biri Kölndə təhsil alır, qardaşının işlərinə görə 1 il dala düşdü. Cavid özündən qabaq başqasına nəsə edəndi, indi kiminsə ölümünü istəyə bilər? Heç kim qohumunun hərəkətinə cavabdeh ola, ağzına yiyəlik edə bilməz axı.
Elsevər: Elşən haqqında deyilir ki, dəfələrlə polisə düşüb.
Cavidin anası: Onu mən deyə bilmərəm. Eşitmişəm, amma düşsə də biz bilmirik. Bəlkə, kənar adamam da, nə bilim.
Elsevər: Bəs Rasimgilin ailəsi ilə heç görüşmüsüz?
Namiq dayı: Mən cəhd elədim, ölkəyə gələndən çox istəyirdim onlarla görüşmək. Cəbrayılda həmişə qanı su ilə yuyublar. Bizə nə deyilsə də, özümüzü təmkinli aparmalıyıq. Qarşı tərəfdə oğlunu itirmiş bir ana var. Heç kimə demədim, özüm üçün onların evinə getdim. Düzdür, evə buraxmadılar, ancaq o ananın kədərli gözləri heç vaxt ağlımdan çıxmır. Ancaq o necə iradəli qadındırsa, çalışdı gülümsəsin. Qapının ağzında danışdıq. Dedilər, istəmirik yaramız təzələnsin. Bir az söhbət elədik, dedim ki, düşmənçilik etmək istəmirəm, buraya xoş niyyətlə gəlmişəm. Bilin ki, biz özümüz çox üzülürük. Heç vaxt hansısa ananın elə kədərli gözlərinə şahid olmaq istəməzdim.
Günel: Sizin övladınıza 4 il iş verilib, belə kədərlisiz, ancaq qarşı tərəfdə övladını itirmiş bir ana var. Bəlkə də, onun hamıda bir günah axtarmağa haqqı var.
Anası: Hər bir kəs törətdiyi əmələ cavabdehdir. Biz demirik günahkar cəzasız qalsın, ancaq haqq-ədalət də öz yerini tapsın. Biz Cavidin işində bu ədəlati görmədik.
Elsevər: Sizcə, peşəkar bir futbolçu o hərəkəti edərdi?
Namiq dayı: Bəlkə də etməzdi, ancaq bəzən insan hərəkətlərini nizamlaya bilmir. Ancaq nə jurnalistin, nə də bir başqasının həmin şəxsi buna görə təhqir etmək haqqı var. UEFA-nın Nizam İntizam Komitəsi tərəfindən bu hərəkətə baxılıb. Elə bir şey olsaydı, cərimələnərdi axı.
Anası: Cavid atasının qəbri üstə and içmişdi ki, harda olur olsun, ermənilərə qalib gələcək. Onda ermənilərə qarşı həmişə xüsusi bir əsəb var. 2006-cı ildə də Kiprdə ermənilərlə oynayanda qalib gəliblər. Cavid sevinclə bayrağı qaldırmışdı. Erməni arxadan onun kürəyinə bir yumruq vurdu, meydançada sərildi. İndi bu dəfə də eyni provokasiyalar edilib.
Elsevər: Cavidə cəza verilməməsinin səbəbi hadisənin oyun bitəndən sonra yaşanmasıdır. 90 dəqiqə ərzində olsaydı, Cavid çox sərt cəza alardı.
Bayaqdan bizi dinləyən Cavidin həyat yoldaşı Səidə xanım bu dəfə müzakirəmizə qoşulur:
- Siz özünüz dediniz ki, peşəkar futbolçu bu hərəkəti etməzdi. Cavid də peşəkar kimi futbolunu oynayıb, meydançada olan zaman heç bir provokasiya yaratmayıb. Oyundan sonra isə öz hisslərini saxlaya bilməyib. Kiprdə hansı çətinliklərlə oynadıqlarını bilirik. Bayrağımız cırıldı, yandırıldı, türk bayrağı təhqir olundu. Ermənini öldürəni qəhrəman adlandıranlar, Cavidi düşmən elan edirlər. Cavid özü də oyundan sonra mənimlə danışanda peşman olduğunu dedi. Amma həmin vaxt öz hisslərini cilovlaya bilməyib. Bu barədə çox söhbət etmişik.
Elsevər: Cavid xəstəxanada Rasimin yanında olub. Hər şey yaxşı idi. Birdən axşam vəziyyəti pisləşdi. Bəs siz məhkəmədə niyə həkimlərlə bağlı bir məsələ qaldırmadız?
Anası: Biz düşündük ki, Cavidin günahı yoxdur, onsuz azadlığa buraxılacaq. Bu məsələylə günahkar olanlar, Elşəngil, qarşı tərəf məşğul ola bilərdi. Amma onları səhv yönəltdilər. Həkimlər qaldı bir kənarda, Cavid, Cavid dedilər. Hər şeyin üsuluna uyğun şəkildə araşdırılacağına inanırdıq. Ailəmizdə indiyənə kimi polisə düşən olmayıb, bu işin belə olacağını hardan bilə bilərdik?
Elsevər: Siz Cavidin həbs olunmasını nə vaxt öyrəndiniz?
Anası: Avqustun 8-i qurban kəsdik, məşqinə getdi, sonra axşam gəzdik. 9-u səhər Qarabağla oyun olduğu üçün “Qəbələ”yə yola düşdü. Şəhərdəydim, qonşular zəng etdi ki, mülkü geyimdə polislər gəlib Cavidin anasını axtarırlar. Həmin gün Cavidi də aparıblar, üzləşdiriblər. Deyiblər ki, Cavidin günahı yoxdur, evə göndərdilər. Səhəri gün 8-də çağırdılar, elə o tutulan oldu. Sonradan prokuror dedi, günahı yoxdur, amma yuxarıdan tapşırılıb ki, tutun. Bundan bir iki ay əvvəl başqa jurnalist Rasimdən də sərt yazmışdı, Cavid heç fikir də vermədi. Nəsə etsə, ona edərdi. Cavidin məhkəməsi bitsin, mən də onları məhkəməyə verəcəm. Məni yoldaşımdan sonra yaşadan uşaqlarımın təhsili və tərbiyəsi olub. Razı olmaram ki, əziyyətlə bu yaşa çatdırdığım uşaqlarıma belə qara yaxılsın.
Mənbə: Qafqazinfo.az