Xorvatiya millisinin futbolçusu İvan Rakitiç AVRO-2016-nın final mərhələsi öncəsi keçirilən mətbuat konfransında komandasını dəyərləndirib.
Bundan əlavə, bazar günü qrup mərhələsinin ilk matçında qarşılaşacaqları Türkiyə ilə oyun haqda danışan "Barselona"nın futbolçusu rəqibin heyətində Arda Turanı fərqləndirib:
"Komandama inanıram. Meydanda bütün gücümüzü ortaya qoyacağıq. Böyük klublarda oynayan, təcrübəli və gənc futbolçulardan ibarət komandayıq. Doğru yoldayıq. Bunu meydanda göstərməliyik. Azarkeşlərimizi qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik.
Arda insan olaraq mükəmməl biridi. Daima gülümsəyir və zarafat etməyi xoşlayır. İstedadı haqda danışsaq, bir kitabı doldurmağımız lazım gələcək. Topla çox gözəl oynayır.
Mənə Xorvatiya millisinin sabiq futbolçusu Robert Prosineçkini xatırladır. Ona qarşı yaxşı hazırlaşmalıyıq. Arda qapıya yaxınlaşarkən çox təhlükəli olur. Müdafiədə diqqətli oynamalıyıq.
Futbolda xəyal qurmaqdan çox iş görməyi sevirəm. Ölkəmiz üçün oynayırıq və burada sadəcə 11 nəfər yox, bir neçə milyonuq. Hazır olduğumuzu, özümüzə güvəndiyimizi bilirik".
Türkiyə - Xorvatiya oyunu iyunun 12-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.