"Şuşa-Qarabağ" klubu fəaliyyətini bərpa edib

01:26 11 İyun 2016

“Şuşa-Qarabağ” peşəkar futbol klubunun yenidən fəaliyyətə başlaması münasibətilə iyunun 10-da tədbir keçirilib. Tədbirdə mayın 23-də klubun prezidenti vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb.

Tədbirdə bir neçə il bundan əvvəl “Şuşa-Qarabağ” futbol klubunun maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, idmansevərlərin istəyi ilə klub fəaliyyətini artıq bərpa edib. Bununla əlaqədar mayın 23-də keçirilən iclasda klubun yeni rəhbər heyəti və baş məşqçisi müəyyən edilib, prezidenti seçilib. Səsvermə nəticəsində Güləli Bağırovun klubun prezidenti seçildiyi elan olunub.

Klubun sabiq rəhbəri Nadir Qasımov bildirib ki, komanda 2009-cu ildən etibarən futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda iştirak edib. Maliyyə çətinliklərinə baxmayaraq, komanda milli çempionatda öz yerini qoruyub saxlaya bilib. Klub bu günədək 70-dən çox peşəkar futbolçu yetişdirib, Azərbaycanda idmanın bu növünün inkişafına töhfə verməyə çalışıb. Qeyd edib ki, bundan sonrakı məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir.

Klubun prezidenti Güləli Bağırov çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Şuşa-Qarabağ” futbol klubunun fəaliyyətinin bərpa edilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. G.Bağırov “Şuşa-Qarabağ” futbol klubunun nəinki Azərbaycanda, hətta beynəlxalq arenada iştirak etməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.

Milli Məclisin deputatı, “Qarabağ” futbol klubunun sadiq azarkeşi Aqil Abbas da “Şuşa-Qarabağ” klubunun uğurlu fəaliyyətinin davam etdirilməsi üçün azərbaycanlı idmansevərlərin dəstəklərini əsirgəmələrinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Nadir Qasımov “Şuşa-Qarabağ” futbol klubuna baş məşqçisi vəzifəsinə təyin olunub. 


Digər xəbərlər

Xəbər xətti