Futbol üzrə Avropa çempionatında beşinci oyun gününün təyinatları açıqlanıb. İyunun 14-də F qrupunda keçiriləcək Portuqaliya - İslandiya qarşılaşması türkiyəli hakimlər briqadasına tapşırılıb. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matçı baş hakim Cüneyt Çakıra idarə edəcək. Ona Bahattin Duranla Tarık Onqun yan xətt, Hüseyin Göçeklə Barış Şimşek əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. İspaniyalı Karlos Del Serro dördüncü hakim, Xuan Yuste Ximenes ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Çexiyalı Daqmar Damkova hakim-inspektor, gürcüstanlı Nodar Axalkatsi UEFA nümayəndəsidir.
Qrupun ilk qarşılaşması isə saat 20:00-da Bordo şəhər stadionunda start götürəcək. Avstriya və Macarıstan yığmaları arasındakı matçı fransalı referi Kleman Turpen idarə edəcək. Ona həmyerlilərindən Frederik Kano və Nikola Dano yan xətt, Benua Bastyen və Fredi Fotrel əlavə köməkçi-hakim qismində yardımçı olacaq. Dördüncü hakim Xesus Gil Manzano, ehtiyat köməkçi-hakim Roberto Alonso Fernandes (hər ikisi İspaniya) təyin edilib. İngiltərəli Devid Elleray hakim-inspektor, belaruslu Svetlana Xrınkeviç UEFA nümayəndəsidir.